İpoteka üçün 1 kvadratmetr yaşayış sahəsinin orta bazar qiyməti müəyyən ediləcək
Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi qaydası"nı təsdiqləyib.
APA-nın məlumatına görə, bu qaydalar İpoteka Fondunun vəsaiti ilə alınan mənzillərdə 1 kv.m-lik sahənin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.
Bu, əhalinin yaşayış sahələrinə artan tələbatının ödənilməsi üçün əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarının, ipoteka kreditləşməsi sisteminin səmərəliliyinin artırılması məqsədilə müəyyənləşdirilir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən - yaşayış sahəsinin təmirli olması, onun yerləşdiyi ərazi və mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması kimi amillər nəzərə alınacaq.
Hazırda Bakıda manatın devalvasiyasından sonra mənzillərin 1 kv. metri zonasından asılı olaraq, orta hesabla 2000-500 dollar arasında dəyişir.