19 Sentyabr 2016
Mətni dəyiş
Bu gün "Talışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov 25-ci polis bölməsinə çağırılıb.
Bu barədə hüquqşünas Xalid Bağırov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, 2 saatdan artıqdır ki, Hilal Məmmədov bölmədə saxlanılır və yaxınlarına heç bir məlumat verilmir.
Xalid Bağırov daha sonra bildirib ki, Hilal Məmmədovla danışa bilib.
Hüquqşünasının sözlərinə görə, H.Məmmədov hələ də bölmədədir və ciddi təhqirlərə məruz qalıb:
"Özünü bölmə rəisinin sürücüsü kimi təqdim etmiş Arif adlı şəxs onu çox əxlaqsızcasına təhqir edib. Bütun bunların səbəbi kimi mitinqdə iştirak etməsi göstərilir.
Hilal müəllim artıq heç bir izahat verməyəcəyini bildirdi və mümkünsə vəkillərdən kiminsə bölməyə gəlməsini istədi".
Qeyd edək ki, H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.
"Amnesty International" H.Məmmədovu "vicdan məhbusu" kimi tanıyıb.
Prezidentin 17 mart 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə Hilal Məmmədov azadlığa çıxıb.