7 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü görüşündə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin saytı çıxışın tam mətnini yayıb.
Türkiyədəki çevriliş cəhdi ilə bağlı müzakirələrdə çıxış edən nazir deyib:
"Azərbaycan lap əvvəldən qardaş Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı bir qrup tərəfindən törədilmiş bu cinayəti şiddətlə qınamış və ciddi narahatçılığını ifadə etmişdir. Türkiyə xalqı və dövləti ilə tam həmrəy olduğumuzu bir daha bildirməklə, biz Türkiyə xalqı və dövlətinin birliyi ilə vəziyyətin tam sabitləşəcəyinə əminliyimizi ifadə etdik. Təəssüf ki, çevriliş cəhdi çoxsaylı insan itkisinə səbəb oldu. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm.
Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türkiyə ilə xalqlarımız və dövlətlərimizin niyyətinə və bölüşdüyümüz birgə dəyərlərə əsaslanan möhkəm strateji tərəfdaşlığa malikdir. Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı.
Biz çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın sədrliyini təqdir edirik. Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi".
Elmar Məmmədyarov çıxışının sonunda bildirib ki, Azərbaycan daima Türkiyənin yanındadır:
"Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı onun yanında olmaq öhdəliyimiz var. Azərbaycan Türkiyənin yanındadır. Bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir".
Qeyd edək ki, E.Məmmədyarovun tədbirdə çıxışından başqa, bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.