3 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proses zamanı dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər elan edilən ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilməyiblər.
T. Bağırzadə ifadəsində ittihamla özünü təqsirli bilmədiyini, heç bir silahlı dəstə yaratmadığını və zorakılıq niyyətində olmadığını deyib.
Taleh Bağırzadə bildirib ki, rəhbəri olduğu Müsəlman Birliyi Hərəkatı heç bir xarici dövlətdən maliyyələşmir. O daha sonra dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Keçən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.