17 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı, eləcə də "Nardaran işi" üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.
Proses zamanı çıxış edən Taleh Bağırzadə bildirib ki, televiziyalarda proses təhrif olunmuş şəkildə verilir:
"Hamı bilir ki, “Xəzər” televiziyası Fətullah Gülənin adamlarınındır. Prezident Adminstrasiyası onları öz çətiri altına alıb. Əli Həsənov yenə “Xəzər” televiziyasına göstəriş verib. O, yenə gizlənib. Siz gedin, Əli Həsənov gəlib otursun yerinizdə, ya da şahid kimi gəlib ifadə versin. Onlar Sovet dövründə olmayan işgəncələri ediblər. İnsanları ailələri ilə şantaj ediblər".
Hakim bildirib ki, vəsatət verilsin baxarıq. Daha sonra iclasda təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər. C. Cabbarov deyib ki, ona verilən işgəncələr barəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazacağını deyəndə ona təhqiramiz cavab veriblər.
"Mən istəyirəm bunları İlham Əliyev bilsin ki, Azərbaycanda belə yer var. Onun xanımının adın çəkdim, söydülər".
Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra çıxışlar davam edəcək.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.