2 Avqust 2016
Mətni dəyiş
Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul olunub.
Bastainfo.com saytının verdiyi məlumata görə, eyni zamanda “Respublika” təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı 40-dan artıq rayonda ilkin təşəbbüs qruplarının yaradıldığı və 200-dən artıq nümayəndənin seçildiyini, onların bu toplantıda iştirak etdiyini bildirib.
Müsavat başqanı Arif Hacılı referendumla bağlı digər partiya və təşkilatlarla aparılan danışıqlar haqqında məlumat verib. Arif Hacılı bildirib ki, “Respublika” təşəbbüs qrupuna Müsavat, D18 Gənclər hərəkatı, bitərəflər və digər təşkilatların nümayəndələri də daxil olacaq. Arif Hacılı qeyd qeyd edib ki, “Respublika” təşəbbüs qrupu Konstitusiyaya mürtəce dəyişikliklərin edilmasinə qarşı mübarizə aparacaq.
Müsavat partiyasının keçmiş başqanı, Mili Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də bu gün keçirilən Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında fikirlərini açıqlayıb.
İsa Qəmbər özünün "facebook" səhifəsində yazıb:
“Müsavatçılıq ideallarını, Cümhuriyyət dəyərlərini qorumaq naminə, Referendumda monarxiyaya yox demək məqsədi ilə “Respublika” təşəbbüs qrupunu yaratdıq.
Asan proses deyildi, 2000-dən artıq vətəndaşın iştirakı (təxminən hər birində ən azı 50-60 adamın iştirakı ilə 40-dan çox toplantının keçirilməsi) və imzası, daha sonra onların təmsilçiləri olan 200-dən artıq vətəndaşın iştirakı ilə toplantı tələb olunurdu ki, təşəbbüs qrupu təsis edilsin və MSK-ya imza vərəqələrini almaq üçün müraciət edə bilək.
Müsavatçıların, D-18 və digər qurumların fədakar fəallarının iştirakı ilə bunu həll etdik.
Özü də cəmi 2-3 gün ərzində.
Hələlik qaldı MSK-nın vərəqələri verməsi, sonra da 40 mindən artıq imzanın toplanması.
Edəcəyik!”
Toplantıda D18 Gənclər Hərəkatının sədri Ruslan İzzətli çıxış edərək Azərbaycanda monarxiyanın bərqərar olmasına qarşı mübarizədə gənclərin öndə olacağını bildirib.
Toplantıda həmçinin Seçki Məcəlləsinin tələblərindən irəli gələn prosedur məsələlər həll olunub.