7 Avqust 2016
Mətni dəyiş
Bü gün Müsavat Partiyasında Sədrlər Şurasının növbədənkənar iclası keçirilib. İclas seçki qərargahının sədri Gülağa Aslanlının sədrliyi ilə baş tutub.
Toplantıda referendumla bağlı yaradılan “Respublika” təşəbbüs qrupunun rəsmi qeydiyyata alınması üçün imzaların toplanması ilə bağlı iş bölgüsü aparılıb. MSK-dan alınmış imza vərəqələri Müsavatın təşkilat sədrlərinə təqdim olunub.
Gülağa Aslanlı “Basta” əməkdaşı ilə söhbətində Müsavatın seçicilərə müraciət edəcəyini, ölkədəki haqsızlığa qarşı olan hər kəsi bu kampaniyaya dəvət edəcəklərini bildirib.
Seçki Məcəlləsinə əsasən referendumda iştirak etmək üçün hər bir təşəbbüs qrupu 40 min imza toplamalıdır. Təqvimə görə seçici imzalarının toplanması avqustun 22-də başa çatır.
Müsavat Partiyası İlham Əliyevin Konstitusiyaya təklif etdiyi əlavə və düzəlişlərin əleyhinə təbliğat aparmaq üçün qanunvericilikdə nəzərdə tutulan hüquqlardan maksimum yararlanmaq naminə “Respublika” təşəbbüs qrupunun yaradılmasına qərar verib.
Təşəbbüsçülərin sırasında müsavatçılarla yanaşı, bitərəflər, D 18 Gənclər Hərəkatı və digər təşkilatların da nümayəndələri var.