"Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz"
25 Avqust 2016
Mətni dəyiş
"Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəyəm".
Vəkil Toğrul Babayevin sözlərinə görə, bu bəyanatı sabiq səhiyyə naziri Əli İnsanov verib.
T.Babayev deyib ki, Ə.İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: "Səhhətində də heç bir problem yoxdur".
Avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisində sabiq nazirə C.M-nin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.
T.Babayev bildirib ki, Ə.İnsanov avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.
"Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O, ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı", - vəkil qeyd edib.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.