"Azadlıq qəzetinin də taleyi təhlükədədir"

"Azadlıq qəzetinin də taleyi təhlükədədir"
20 Avqust 2016
Mətni dəyiş
“Azadlıq” qəzeti yayım direktoru Faiq Əmirlinin həbsi ilə bağlı bəyanat yayıb. 
Bəyanatda bildirilib ki, Avqustun 20-də Azadlıq qəzetinin direktoru Faiq Əmirli yaşadığı evin yaxınlığında hüquq mühafizə orqanlarının mülki geyimli əməkdaşları tərəfindən saxlanılaraq aparılıb. Məlumata görə, o, Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Hazırda onun evində axtarış aparılır.
Azadlıq qəzeti bildirir ki, Faiq Əmirlinin həbsi hakimiyyətin uzağa gedən planlarından xəbər verir:
"Əvvəla, bir neçə gün qabaq hakimiyyət daxilindən redaksiyaya məlumat sızmışdı ki, Azadlıq qəzetini bağlamaq istəyirlər. Faiq Əmirlinin həbsi həmin niyyəti həyata keçirməyə zəmin yaratmaq üçün ola bilər".
"İkincisi, məlumdur ki, Faiq Əmirli həm də AXCP üzvü və partiya sədri Əli Kərimlinin köməkçisidir. O da bilinir ki, hazırda hakimiyyətin AXCP-yə qarşı repressiyası güclənib və hədəf birbaşa partiya sədri Əli Kərimlidir. Artıq neçə gündür ki, hakimiyyətin təbliğat ruporları, hətta Rusiya kanalları da cəfəng iddialarla Əli Kərimlini Fətullah Gülənlə əlaqədə şərləyir", - deyə bəyanatda bildirilib. (Ardı aşağıda)
faiq əmirli
Son günlərdə AXCP-nin bir neçə fəalı müxtəlif bəhanələrlə həbs edilib. Onlardan barəsində həbs-qətimkan tədbiri seçilmiş Fuad Əhmədli rəsmən Gülənçi kimi təqdim olunub. Partiya bu ittihamı saxta və AXCP-yə qarşı şərləmənin tərkib hissəsi adlandırıb. Bu baxımdan Faiq Əmirlinin həbsi həm də AXCP sədri Əli Kərimlinin özünün hədəfə alınması kimi qiymətləndirilə bilər.
"İstənilən halda Faiq Əmirlinin həbsi tam qanunsuz və əsassızdır, digər həbslərə və repressiyanı davam etdirməyə yol açmaq üçün düşünülüb". 
Azadlıq qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın. Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, Azadlıq qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır.
"Azadlıq qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sadiq qalacaq", - deyə bəyanatda vurğulanıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun