12 Dekabr 2016
Mətni dəyiş
Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ qoşunlarının Suriya və İraqdakı komandanı general-leytenant Stiven Taunsend bəyan edib.
“Əməliyyat başlayanda Mosulda 3500-dən 6000 minədək silahlının olduğunu təxmin edirdik. Son hesablamalarımıza əsasən, oktyabrın 17-dən etibarən 2 mindən çox terrorçu məhv edilib. Beləliklə, hazırda Mosulda beş minədək İŞİD silahlısı qalır”, deyə S.Taunsend bildirib.
Qeyd edək ki, ötən gün Eşton Karter ABŞ-ın müdafiə naziri qismində son dəfə İraqa səfər edib.
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.