15 Dekabr 2016
Mətni dəyiş
1991-ci ildə Sovet İttifaqının ləğv edilməsi və və MDB-nin yaradılması barədə bəyannamə qəbul olunub. SSRİ-nin çökməsinin 25-ci ildönümündə Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qorbaçov BBC müxbiri Steve Rosenberg-lə ölkənin dağılması, Rusiya və dünyanın gələcəyi barədə söhbət edib.
BBC: Mixail Sergeyeviç siz 25 il əvvəl SSRİ-nin xilas olunmasının mümkün olmadığını dərk etdiyiniz anı, nə qədər tez-tez yada salırzınız?
Mixail Qorbaçov: ...İttifaq mənim və zənnimcə bütün Birliyimizin (MDB-nin), İttifaqın dramasıdır. Təsəvvür edin: Çətin vəziyyət olsada, biz seçkilər keçirib bir briqada təsis etdik. Həmin briqada, yəni bütün respublikaların nümayəndələri, böhrandan çıxış proqramını yaratdı.
Hətta Baltikyanı respublikalar da proqrama qatılacağını bəyan etdilər.
Lakin ən önəmlisi odur ki, müqavilə hazır idi, onu imzalamaq lazım idi. [Dekabrın] 20-də başlayacağımıza dair razılaşma əldə olunmuşdu. Qısaca desək normal həyat davam edirdi. Lakin məsələ budur ki, arxamda, mənim arxamda xəyanət hazırlanırdı.
BBC: Xainlər kimdir?
M.Q.: Ən əsası Rusiyadır. Rusiya rəhbərliyini nəzərdə tuturam. [Siqareti] yandırmaq üçün evə od vurmağa, onu partlatmağa ehtiyac varmı? Bunun üçün kibrit kifayət edir. Burda da belə oldu. Onlar istədiklərinə demokratik yolla nail ola bilmirdilər. Axı 89-cu ilin məşhur seçkiləri yeni bitmişdi. İnanılmazdı, amma seçkilərdə [parlamentə] keçənlərin 84 faizi kommunistlər idi. Deyirdilər ki, azad seçkilər kommunistlərin sonudur. Amma bu belə olmadı.
BBC: Necə düşünürsüz, 1991-ci ilə qayıda bilsəniz SSRİ-ni xilas etmək üçün, nəyi başqa cür etmək olardı?
M.Q.: Mən düzgün addım atdım. Cinayətkar işlərlə məşğul olmamışam və buna heç vaxt yol verməmişəm. Mənim kredom - qan tökməməkdir. Baş tutmadı. Lakin bunlar mənim arxamda törədilirdi. Belə işlər üçün təxribatçılar az deyildi... İndi kimin nə etdiyini görürsünüz. Təxribat, təxribat, təxribat. Mən Suriyanı da nəzərdə tuturam... O vaxtlar da belə olurdu.
İnanılmaz olsa da onların səs vermək haqqı var idi: Səs verin, seçin - ən demokratik seçkilərdi. Yox, onlar seçkilərlə hakimiyyətə ələ ala bilməzdilər. Buna görə də cinayətə, dövlət çevrilişinə, getdilər. Onların hamısını məhkum etdilər. Lakin Yeltsin işləri elə qurmuşdu ki, hakimiyyətə gələndə onların hamısını reabilitasiya etsinlər. Danışılmışdı ki, məhkəmə işinin ləğvi müqabilində kommunistlər və digərləri parlamentə atəş açmaqla bağlı cinayət işi açmayacaqlar.
BBC:. Belovej razılaşması da dövlət çevriliş idi?
M.Q: Bəli, əlbəttə. Bunlar hamısı onun davamı idi və sonda bax belə alındı. Belovej razılaşması səsə qoyulanda kommunistlərin liderləri bu razılaşmaya səs verməyə çağırırdılar. Qiyamətdir!
BBC: Sonuncu gün, xalqa efirdə son müraciətinizdən əvvəl hansı hissləri keçirirdiniz?
M.Q: Bu çox güclü çıxış idi. Onun tonu da dramatik idi. Lakin mən bu və digər bir halda vətəndaş müharibəsinin qalxmasını istəmirdim. Hər şey buna gedirdi. Təsəvvür edirsinizmi, bizim ölkə kimi silahla ağzınadək dolu, nüvə silahlı bir ölkədə hakimiyyət uğrunda mübarizə nə demək olardı? Belə çıxardı ki, Qorbaçov bütün bunlara hakimiyyətdə qalmaq üçün gedib.
Nə qədər adamı məhv edərdilər, dağıntılar…Yox, mən buna yol verə bilməzdim. Mənim qələbəm mənim hakimiyyəti tərk etməyim oldu. Bilirsiniz belə addım atmaq üçün həm ürək, həm də baş lazımdır. Onlar da özlərini belə aparmalıydılar. İndi belələri var məgər? Təyyarələri, raketləri buraxırlar, atırlar, vururlar, dağıdırlar.
Mən indi eybəcər hala salınmış Hələbə baxıram. Onu faşistlərlə döyüşlərdə xarabazara çevrilmiş Stalinqrad kimi yenidən tikmək lazımdır. Ya da elə Voronej. Yadıma gəlir ki, Moskvaya oxumağa gedərkən ordan keçmişdim. Mən orda gördüklərimin təəssüratından hələ də çıxmamışam.
BBC: Yəni Rusiya Suriyadakı bu hərbi əməliyyat məsələsində haqlı deyil?
M.Q: Yox, Rusiya haqlıdır. Elə Rusiya haqlıdır. Bilirsiniz, mən hər halda çox şey bilirəm. Rusiya burada bizim Soyuq müharibəni qurtarmaq qərarımızdan çıxış edərək seçim edib.
Avropanın bütün ölkələri, onu dəstəkləyənlər toplaşıb beynəlxalq konfrans keçirdilər. Bir yol var idi, onu da seçdilər. Bu yolu bütün cəmiyyət dəstəkləyirdi. Rusiya indi də sülhü saxlamağa, nüvə silahından izal olmağa hazırdır. Bu çox ciddi, məsuliyyətli öhdəlikdir. Amma Rusiyanı təxribata çəkirlər və çəkəcəklər. Sözlərimi yadınızda saxlayın: təxribata çəkəcəklər.
BBC: Niyə?
M.Q: Gəlin sizinlə birlikdə bu sualı verək. Çünki dəyişmiş qaydalar çoxlarının xoşuna gəlmir. Çünki hamı istəyir… Xatırlayırsınız da hər şey necə qurtardı, məhv elədilər… Soyuq müharibənin bitməsi ilə yaranan situasiyanı deyirəm. Amerikalılar elə bildilər ki, bu zəfər yoludur. Mən onların yanında olmuşam. Yazdıqlarını oxuyurdum. Sanki Allah özü dünyanı onların ayaqları altına atmışdı. Ona görə də qərara gəldilər ki, birqütblü dünya olacaq.
BBC: İndi dünyada vəziyyət necə dəyişib?
M.Q: Pis. Amerikalılar hakimiyyətlərini itirirlər və ona görə də indi yalnış yolla getmək istəyirlər. Bu gün vəziyyət belədir ki, mən görürəm, Amerika və Rusiyanın əməkdaşlığına imkan, anlaşma var. Rusiya buna tərəfdardır. Mən Rusiyanın ABŞ üzərinə hücum və ya müharibə planlarının olması haqda heç bir məlumata malik deyiləm.
Yadınızdadırmı, Rusiyada neçə və hansı şəhərlərin Amerika tərəfindən nüvə hücumuna məruz qalacağı barədə planlar dərc olunmuşdu? Mən deməzdim ki, onlar bizi axmaq bilirlər. Onlar başa düşürlər ki, onlarınkı daha keçmir. Amma mənəviyyat məsələsinə gəlincə, onlarda həqiqətən də problem var. Allaha sitayiş edirlər, dua göndərirlər, amma öz işlərini görürlər…
BBC: Siz 1991-in dekabrında xalqa son dəfə müraciət edəndə dediniz ki, yenidənqurma illəri cəmiyyətə azadlıq verib. Bəs ondan sonra bu azadlıq necə oldu?
M.Q: Düşünürəm ki, bu proses hələ başa çatmayıb. Burda açıq danışmaq lazımdır. Bəzilərinə azadlıq mane olur. Özlərini pis hiss edirlər azadlıqda. Amma o adamlara, dünyaya lazımdır. Bu mürəkkəb, basabas dünyada sülh naminə - ümumi razılıq naminə azadlıq lazımdır.
BBC: Azadlıq kimə mane olur ki?
M.Q: Özünüz tapın.
BBC: Putini nəzərdə tutursunuz?
M.Q: Mən deyirəm ki, əgər nə ediləcəyini biliriksə, nüvə silahı barədə, beynəlxalq münasibətlər barədə razılığa gəlmək lazımdır. Bu işlərə məsul olan şəxsləri damlayın. Həll yolu verənədək onları açıb buraxmayın.
Bir dəfə kimsə elə belə də deyib: "Bizə müsbət həll yolu verməyənədək buraxmayın". Eisenhower bizim hamımıza hərbi-sənaye kompleksindən ehtiyatlı olmaq xəbərdarlığını vermişdi. Bilirsinizmi, o gedəndə demişdi ki, bundan nigaran qalır.
Mən bilmirəm. Mən amerikalılara açıq demişdim. Demişdim ki, hərbi-sənaye kompleksi olmadan uğurlu iqtisadiyyat qura bilmirlərmi? Məsələləri danışıqlar prosesi ilə həll edə bilmirlərmi? Əgər ölkə problemlərini hərbi-sənaye kompleksi olmadan həll edə bilmirsə, bu bizim hamımızı narahat etməlidir.
BBC: Siz düşünürsünüzmü ki, bu gün Rusiyaya Putin kimi Qərbi dəf edən güclü lider lazımdır. Sizcə bu gün Rusiyaya Putin lazımdır, yoxsa Qorbaçov?
M.Q: Yox mən düşünürəm ki, o Münhendıə ilk dəfə çıxış edəndə səs-küy var idi. Adətən səs-küyü, səs-küydən asılı olanlar salırlar. Almanların arasında sorğu keçirdilər və onların 68 faizi dedi ki, Putinin tərəfindədirlər, daha doğrusu onun Münhendə dediklərini dəstəkləyirlər.
Mən hərdən danışıram. Hakimiyyətimiz barədə tənqidi qeydlər edirəm. Əgər onlar buna layiqdirlərsə, bunu etmək lazımdır. Baxın, nə baş verir? Amma bütün mətbuat üçün Qərbdən ümumi bir komanda var idi. Bilirəm ki, sizə də belə bir komanda var: Putinin gözdən salınıb sıradan çıxarılmasına nail olmaq. Fiziki cəhətdən sıradan çıxarılmasına yox, yəni çıxıb getməsinə nail olmaq. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin noyabrdakı rəqəmlərinə görə 86 faiz Putini dəstəkləyir. Tezliklə 120 faiz olacaq.
BBC: Trump barədə. Onunla tanışsınızmı?
M.Q: Mən hətta onun evində olmuşam. Mən səfərdə olanda onun göydələndəki mənzillərində olmuşam. Odur ki, tanışam. Amma onun baxışları, planları barədə düşünmək imkanım olmayıb.
Amma Trump-ın qələbəsi ilə bağlı vəziyyət maraqlıdır. Rusiyada hamı, elə mən də, bunu deməsəm də düşünürdük ki, demokratlar qalib gələcəklər. Amma belə olmadı…
BBC: Amma onun heç siyasətçi olmaması, şou biznesdən biznesmen olması, siyasi təcrübəsinin yoxluğu sizi narahat etmir?
M.Q: Açıq desəm iri biznes heç də təkcə iqtisadiyyat deyil, bu həm də siyasətdir, sosial sahədir, mədəniyyətdir və sair. Hərçənd mən korporasiyaların hökm etdiyi sistemi sevmirəm. Onların heç biri məni xoşlamır.
BBC: Siz Soyuq müharibəni başa çatdırmısınız. Hazırkı gərginliyin aşılması üçün Putin və Trump-a nə məsləhət verərdiniz?
M.Q: Heç bir fikir söyləməyəcəyəm. Mən bir dəfə Amerikada, Orta Qərbdə çıxış eləmişəm. 15 min nəfərlik auditoriyanın qarşısında. Mən çıxışımı qurtaranda sual verməyə başladılar. Bir oğlan qalxdı və dedi: "prezident Qorbaçov, siz görürsünüzmü ki, Amerika gündən günə pisləşir. Nə edilməlidir? Siz ki, belə vəziyyətdən keçibsiniz. Bizə məsləhət verin. Nə edək?"
Mən isə deyirəm: "Bunu bir tərəfə qoyun. Amerikaya məsləhət ən axırda lazım olan şeydir. Özünüz həll edin. Mən sizə cədvəl, menyu verməyəcəyəm". Bu vaxt ikincisi qalxır və deyir: "Cənab prezident axı, biz ciddi deyirik. Burada oturanların hamısını bu sual maraqlandırır. Nəsə deyin də…"
"Yaxşı, - deyirəm, - Sizə nə qrafik, nə də menyu verməyəcəyəm. Cavabım belədir: Amerikaya yenidənqurma lazımdır." Mənə beş dəqiqə əl çaldılar. Gələn seçkidə Obama seçildi. Amerikada problemlər, suallar var, onları həll etmək lazımdır. İşə başlamaq və rəhbərlik etmək çox çətin olacaq. Bu çox mürəkkəb işdir, mən hətta düşünürəm ki, Trump bunu bacarmayacaq.
BBC: Rusiyaya bu gün yeni bir yenidənqurma lazımdır?
M.Q: Mən ilkin məqamlara qayıdardım və fəaliyyətə keçərdim. İndi yollarda manelərə çoxdur.
BBC: Qərbdə bir çoxları sizə Soyuq müharibəyə son qoymuş, Şərqi Avropaya azadlıq vermiş və Almaniyanın birləşməsinə yol açmış qəhrəman kimi baxırlar. Öz ölkənizdə, vətəndə isə bir çoxları sizi ölkəni əldən verməkdə ittiham edirlər. Ölkənin dağılmasında qismən də olsa, öz məsuliyyətinizi qəbul edirsinizmi?
M.Q: Mən həyəcan keçirirəm ki, mənim planlarımın, ölkədəki fəaliyyətimin tam başa düşülməsi baş verməyib. Burada açılmış demokratik azadlıqlardan bürokratlar fürsətləndilər. Onlar milli sərvəti dağıdaraq bu korposrasiyaları yaratdılar. Nə qədərdir onların sayı? Kimdir bu Seçin? O indi elə bir adamdır ki, dövlət işlərinə, xadimlərə, düşünürəm ki, prezidentin özünə təsir göstərməyə çalışır. Bax belə bir proses gedir.
Bizim yenidənqurma qərarlarımız həm ölkə üçün, həm də dünya üçün yol açdı, əməkdaşlıq, sülhün möhkəmləndirilməsi, qorunması istiqamətinə dönüş etdi. Mən indi də təəssüflənirəm ki, bu işi axıradək çatdıra bilmədim.
BBC: Siz prezidentə məsləhət verə bilərsinizmi? Putin sizdən məsləhət istəyirmi?
M.Q: O hər şeyi bilir. Hərə öz istədiyi kimi hərəkət edir. Ce la vie, fransızlar demişkən. Onlara hörmətim var.
BBC: Yaxşı. Son bir sualım var…Hazırda…
M.Q: Hə son sual. Britaniyanı bölməyə siz başlamısınız…
BBC: Hə, hə… Avropada qeyri-adi proseslər baş verir: Brexit, Avropadakı başqa seçkilər, Amerikada Trump. Sizi bu millətçiliyin yüksəlişi, Qərbin saga dönüşü - bütün bunlar təəccübləndirirmi?
M.Q: Bu ən mürəkkəb sualdır və biz gərək çalışaq ki, bu məsələni sakitcə, ciddi, ümumi səylərlə başa düşək və tələyə düşməyimizə yol verməyək.
Mən belə bir işin tərəfdarıyam: Hardasa nəsə bir məsələ yetişibsə, xalq qərar qəbul edirsə, rəylər, referendumlar da bunu göstərirsə, deməli bu belədir. Məsələn Krım müraciəti olanda, Rusiyaya daxil olmaq üçün, Rusiyaya qayıtmaq üçün səs verəndə mən bunu dərhal dedim.
Məncə yeganə düzgün oriyentir xalqın suverenliyidir. Ümumiyyətlə Nikita bizə elə şeylər qoyub gedib ki… Xruşşovu deyirəm. Krıma görə Rusiya o qədər qanlarını axıdıb ki…Bütün tarix Krımla bağlıdır. Amma götürüb Krımı bağışlayıb. Ona görə də məndən soruşanda dedim: "Mən buna tərəfdaram. Əgər xalq istəyirsə, bunu etmək lazımdır".
İndi ukraynalılar məni asıb-kəsirlər. Təkcə onlar yox… Mən düşünürəm ki, əsas düzgün meyar xalqın suverenliyidir. Onu dəstəkləmək lazımdır.
BBC: Siz hiss edirsinizmi ki, bu il ərzində Rusiya möhkəmlənib, daha özünəinamlı olub?
M.Q: Bu sualı nə ilə əlaqədar verirsiniz?
BBC: Sadəcə olaraq bu il çox hadisə baş verib. Suriya…
M.Q: Sizə açıq deyəcəyəm. Bu yaxınlarda mən bir qrup yoldaşın qiymətləndirməsini almışam. Onlar aylıq əsasda monitorinq kerçirirlər. Deyirlər ki, noyabrda inamsızlıq yaranıb. Burda hürküyə düşmək lazım deyil. Baş çıxartmaq və hərəkət etmək lazımdır. Mən bu qiymətləndirmə ilə razıyam.