24 Dekabr 2016
Mətni dəyiş
İsrailin baş naziri Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən BMT qərarına qəzəbli reaksiya verib.
Benyamin Netanyahu 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əməl etməyəcəyini bildirir.
"İsrail BMT-nin İsrail əleyhinə qətnaməsini rədd edir və onun tələblərinə əməl etməyəcək", - İsrail hökumət başçısının ofisinin yaydığı bəyanatda deyilir.
BMT Fələstin ərazilərində yaşayış məskənlərinin salınmasına dair qətnaməni cümə günü qəbul edib.
Sənəddə deyilir ki, İsrail "Şərqi Yerusəlim də (Qüds) daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində yaşayış məskənlərinin salınması ilə bağlı fəaliyyətini təcili və tam şəkildə" dayandırmalıdır.
Qətnamə səsverməyə 22 dekabrda çıxarılmalı idi. Lakin sənəd layihəsini təqdim edən Misir nümayəndə heyətinin təşəbbüsü ilə səsvermə təxirə salındı.
BMT qətnaməsi 14 səslə dəstəklənib. ABŞ nümayəndəsi bitərəf qalıb.
Washington bundan əvvəl bənzər qətnamələrə veto qoyurdu.
Oktyabr ayında ABŞ İsrailin məskunlaşma siyasətini sülh prosesinə hədə adlandırıb.
Fələsin lideri Mahmud Abbas deyib ki, qətnamə "İsrail siyasətinə dağıdıcı zərbə olub".
Yəhudi məskənləri İsrail və fələstinlilər arasında əsas münaqişə mənbələrindəndir.
Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Yerusəlimin (Qüdsün) İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən yarım milyon israilli yaşayır.
Beynəlxalq qanunlara görə bu yaşayış məntəqələri qanunsuzdur, lakin İsrail bu fikirlə razı deyil.
Fələstinlilər Qərb Sahili və Qəzzada paytaxtı Yerusəlim (Qüds) olan müstəqil dövlət qurmaq istəyirlər və salınmış yaşayış məntəqələrinin buna imkan vermədiyini bildirirlər.