29 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 15-də estakadanın dənizə düşməsi nəticəsində itgin düşən 10 nəfər neftçinin hər birinin ailəsinə cəmi min manat kompensasiya təklif edilib. Bəziləri təklif olunan məbləği qəbul etməkdən imtina edib.
Bu haqda facebook səhifəsində “Neftçilərin hüquqlarını müdafiə təşkiltı”nın rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat yayıb. Hüquq müdfiəçisi baş verənlərlə bağlı SOCAR rəhbərliyinə müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:
“SOCAR prezidenti cənab Rövnəq Abdullayevə!
Hörmətli cənab Rövnəq Abdullayev,
N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvləri tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciətlər daxil olur və bu müraciətlər əsasında Təşkilat hüquqşünası tərəfindən onlara hüquqi yardımlar olunur. Hadisədən sonra ötən müddət ərzində təşkilata daxil olan müraciətləri araşdırarkən bu qənaətə gəldik ki :
- Neftçilərin ailə üzvlərinə yalnız 1000 manat pul təklif edilib və ya verilib. Bu puldan imtina edən ailə üzvləri də olmuşdur.
- Ailə üzvləri ilə cavabdeh müəssisə arasında əlaqələr zəifdir, hər hansı bir məlumat almaqda çətinliklər çəkirlər.
- Bu günə qədər ailə üzvlərinə N. Nərimanov adına NQÇİ, Azneft İB, SOCAR və başqa müvafiq Dövlət orqanları tərəfindən heç bir maddi( SOCAR tərəfindən təklif olunan 1000 manatdan başqa) və mənəvi yardım göstərilməyib.
Yuxarıda qeyd olunanları və mövcud çətin iqtisadi durumu nəzərə alaraq düşünürəm ki, ölmüş elan edilmə barədə qərar qüvvəyə minənədək itkin düşmüş neftçilərin:
- Orta aylıq əmək haqqı saxlanılmalıdır.
- Ailə üzvlərindən birinin işlə təmin olunması tezləşdirilməlidir
- SOCAR və Dövlət orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulan ödənişlərdən əlavə maddi və mənəvi yardımlar edilməlidir.
- Sığorta və digər sənədlərin hazırlanması ilə əlaqədar ailə üzvlərinə kömək edilməli, aylıq və birdəfəlik sığorta pullarının hesablanması və sənədləşmə işləri tezləşdirilməlidir
Həlak olmuş işçinin Əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə onun orta aylıq əmək haqqının azı 5 misli miqdarında müavinət ödənilsin”.