Hacı Natiqin işi məhkəməyə göndərilib

Hacı Natiqin işi məhkəməyə göndərilib
22 Dekabr 2016
Mətni dəyiş
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi məhkəməyə göndərilib.
Bu haqda onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, N.Kərimova yekun ittiham bir həftə əvvəl elan edilib. Cinayət işi materialları tanış olmaqdan ötrü ona təqdim edilib.
Vəkilləri və N.Kərimov işin materialları ilə tanış olublar.
Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.
Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir.
N.Kərimovu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həmin hadisələrdən bir qədər sonra həbs ediblər. Dövlətə xəyanətdə günahlandırılan N.Kərimov daha sonra da ev dustaqlığına buraxılıb. O, ittihamı qəbul etmir.
Nardaran hadisələri vaxtı mətbuat vasitəsilə N.Kərimov yerli sakinləri zorakı üsullardan istifadə etməməyə çağırırdı. Bununla belə, o, daim Nardaranın sosial problemlərini qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun