26 Dekabr 2016
Mətni dəyiş
"The İndependent" qəzeti Türkiyə mediasında yayılmış xəbərlərə əsasən yazır ki, Rusiyanın Türkiyədəki səfirini öldürmüş polis əməkdaşının işini aparan prokurorlar qatilin nə üçün diri tutulmadığını sual edirlər.
Rusiya səfiri Andrey Karlov Ankarada müasir incəsənət qalereyasında çıxış edərkən arxadan güllələnərək öldürülüb.
Onun qatili, 22 yaşlı polis işçisi Mevlüt Mert Altıntaş səfiri güllələyərkən "Hələbi unutmayın" deyə qışqırıb.
"The İndependent" Anadolu agentliyinə istinadən yazır ki, hazırda Türkiyə prokurorları səfirin qətlinin ardınca qalereyaya hücum edən xüsusi qüvvələrin Altıntaşı niyə diri tutmamasının səbəblərini araşdırırlar.
İlkin istintaqa görə o səfiri öldürdükdən sonra da polislərə "Siz məni diri tuta bilməyəcəksiniz" deyə qışqıraraq atəş açmaqda davam edirmiş.
Xəbər verilir ki, Altıntaş ayaqlarından yaralandıqdan sonra da atəşi dayandırmayıb.
Prezident Recep Tayyip Erdoğan xüsusi polis qüvvələrinin hərəkətinə haqq qazandırıb.
"Burada bəzi söhbətlər dolaşır ki, onu niyə diri tutmayıblar. Yadınızdadır da, biz Beşiktaşda hücum edəni diri tutmaq istəyəndə nə baş verdi?" - deyib prezident.
İstanbulda Beşiktaş stadionun yaxınlığında qoşa bomba partlayışı baş vermişdi.
"The İndependent" yazır ki, Rusiya səfirinin qətli ilə əlaqədar Altıntaşın valideynləri, bacısı və üç başqa qohumu da daxil 11 nəfər həbs edilib.
Xəbərlərdə bu da qeyd olunur ki, hazırda müstəntiqlər qatilə məlumatların Rusiya səfirliyindən sızdırılmasının mümkünlüyünü araşdırırlar.
Cənab Erdoğan jurnalistlərə deyib ki, Türkiyə kəşfiyyatı Altıntaşın xarici əlaqələrini araşdırır və bu barədə "müəyyən ipucları" var.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş dövlət televiziyası ilə çıxışında deyib ki, o, qatilin təkbaşına hərəkət etmədiyinə inanır.
"Bu tək adamın adi basqını deyil, - deyib Kurtulmuş, - Burada səhnə arxasından onu idarə edənlər olub. Onların bu qətldən siyasi məqsədləri vardı…"
Kurtulmuş deyib ki, səhnə arxasında əli olanların məqsədi Rusiya-Türkiyə münasibətlərini pozmaq olub.