Neft ölkələri qiyməti qaldırmaq istəyirlər, amma 60 dollardan yuxarı yox..

Neft ölkələri qiyməti qaldırmaq istəyirlər, amma 60 dollardan yuxarı yox..
11 Dekabr 2016
Mətni dəyiş
"The Guardian" yazır ki, OPEC üzvü olmayan neft ölkələri neft hasilatını günə 562 min barrel ixtisar etmək barədə razılığa gəliblər.
Bundan əvvəl OPEC ölkələri öz aralarında buna bənzər razılaşma əldə etmişdilər.
"The Guardian" yazır ki, bu, 2001-ci ildən bəri bu iki qrup arasında bağlanmış ilk sazişdir. Bu razılaşmada məqsəd neft hasilatını azaltmaqla neft bazarındakı artıq neftin boşalmasına və bununla da 2 ildən artıqdır ki, aşağı olan neft qiymətlərinin qalxmasına nail olmaqdır.
Ötən həftə OPEC-ə üzv ölkələr neft haslilatını günə 1, 2 milyon barrel azaltmaqla ümumi hasilatı günə 32, 5 milyon barrelə salmaq qərarına gəliblər. Bu saziş yanvarın 1-dən qüvvəyə minməlidir.
OPEC-də ən böyük ixracatçı olan Səudiyyə öz hasilatını gündə 486 min barrel ixtisar etməlidir.
Ötən şənbə Vyanada əldə olunmuş bu razılaşmadan əvvəl OPEC-in baş katibi Məhəmməd Narkindo demişdi ki, razılaşma neft qiymətlərini qaldıracaq.
Son iki ildə Səudiyyənin ABŞ neftini bazardan çıxarmaq məqsədilə öz hasilatını artırması nəticəsində neft qiymətləri yarıbayarı düşüb.
"The Guardian" yazır ki, doğrudan da neft qiymətlərinin bir barrel üçün 50, bir müddət isə 30 dollardan aşağı düşməsi ABŞ neftinin hasilatını ziyanlı etmişdi.
Buna baxmayaraq bu siyasət nəticəsində Səudiyyə və Rusiya kimi neftdən asılı ölkələrin gəlirləri də xeyli azalmışdı.
"The Guardian" yazır ki, şənbə günü keçirilən danışıqlarda qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan, Bəhreyn, Bruney, Boloviya, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Sudan və Cənubi Sudan da iştirak edirdilər.
Məqalədə deyilir ki, Azərbaycan və Meksika kimi bir çox ölkələrdə neft ehtiyatları təbii səbəblərlə azaldığından bu azalmanı hasilatın ixtisarı hesab etmək düzgün olmazdı.
"The Guardian" yazır ki, indi diqqət əldə olunmuş razılaşmanın həyata keçirilməsinə yönələcək. Məqalədə deyilir ki, əvvəllər OPEC ölkələri bir çox belə öhdəliklərini gizlicə pozublar.
Pira Energy konsaltinq firmasından Gary Ross deyib ki, bu razılaşma yalnız ilk vaxtlarda müsbət təsirə malik olacaq.
"Elə ki, qiymətlər qalxmağa başladı, razılaşma aşılanıb yox olacaq" - deyib ekspert.
O bildirib ki, Rusiyanın hasilatı həqiqətən də günə 300 min barrel azaldacağına inanır.
Ekspertin fikrincə OPEC neft qiymətlərinin 60 dollardan yuxarı qalxmasını istəmir, çünki bu halda bazara rəqiblər gələcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun