Baş Prokurorluq informasiya portalına xəbərdarlıq edib

Baş Prokurorluq informasiya portalına xəbərdarlıq edib
3 Dekabr 2016
Mətni dəyiş
Baş Prokurorluq politika.az portalına xəbərdarlıq edib. Buna səbəb xəbər portalında müxtəlif başlıqlı məqalələrdə "təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına  ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirməsi" olub.
Prokurorluğun məlumatına görə, portal “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozmaqda, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd etməkdə ittiham olunur.
"Belə ki, həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilmişdir", deyə Prokurorluğun press-relizində bildirilir.
Xəbər portalının rəhbərinə reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Politika.az dəqiq siyasi mövqeyi olmayan, müxtəlif səviyyəli məmurlar haqqında tənqidi materiallar dərc edən internet nəşridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun