Bakıda maaş ala bilməyən fəhlələr binanın damında etiraz edib

Bakıda maaş ala bilməyən fəhlələr binanın damında etiraz edib
21 Dekabr 2016
Mətni dəyiş
Heydər Əliyev prospektində yeni tikilən sağlamlıq mərkəzinin fəhlələri bu gün etiraz aksiyası keçiriblər.
Bu barədə aksiya iştirakçılarından Səbuhi Bəşirov məlumat verib. O deyib ki, aylardır maşlarını ala bilmədiklərindən tikdikləri binanın üstünə çıxmaqla etirazlarını bildiriblər:
""Xəzər inşaat" MMC-də çalışırıq. Mən 6 aydır maaşımı ala bilmirəm. Elə fəhlə var ki, 8 aydır maaşını ala bilmir. 100-dən çox fəhləyik, hara şikayət edəcəyimizi bilmirik. Mən kirayədə yaşayıram, vəziyyətim ağırdır. 5 aydır qaldığım evin kirayə haqqını verə bilmirəm. Evdə nə işıq var, nə qaz. Şam yandırıram. XXI əsrdə şam yandırarlar? Özüm rayondanam. Maaşımı ala bilmədiyimdən 5 aydır rayona gedə bilmirəm. 3 uşağım var, onlara həsrət qalmışam".
Səbuhi Bəşirov qeyd edib ki, məsələ ilə bağlı prezidentə müraciət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Ancaq şikayətləri müsbət həll olunmur:
"Şirkətdən deyiblər ki, biz də dövlətdən pul gözləyirik, alan kimi sizin də pulunuzu verəcəyik. Binanın üstünə çıxıb, diqqət çəkmək istəyirdik. Polislər, şirkətin təmsilçiləri gəldilər. Bizə dedilər ki, saat 1-ə kimi pulunuzu alacaqsınız. İndi saat 2-dən keçib, cəmi 30 min pul gətiriblər".
Səbuhi Bəşirov deyib ki, həmin pulu 100-ə yaxın fəhlə arasında bölsələr hərəyə 300 manat pul düşür: "Bu pul bizim haramıza çatar? İndi də deyirlər ki, ayın axırına kimi pulunuzu alacaqsınız. Biz çox pis gündəyik".
Bu deyilənlərə, hələlik, "Xəzər inşaat" MMC-dən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun