61 yaşlı Səriyyə Zahirova: "Bəlkə yuxarıdakılar baxıb, adam olalar" [Foto-video]
23 Dekabr 2016
Mətni dəyiş
"Beş nəfərlik ailəyik, yoldaşım vəfat edib, oğlum beyninə qan sızmadan xəstədi, işləyə bilmir, ona görə 147 manat pensiyayla yaşayırıq. Onu da qaza ödəsəm, onda biz gərək heçnə yeməyək".
Bu sözləri Bakı sakini, 61 yaşlı Səriyyə Zahirov deyir. Yaşlı qadın küçə-küçə düşüb evini qızdırmaq, yeməyini bişirmək üçün odun toplayır.
"Kim həyətdən çölə atıb, kim tikintisindən xırda-xuruş taxta tullayıb, onları aparıram evə peçdə yandırırıq", - deyə Səriyyə Zahirova bildirir.
O, şikayət edir ki, odun yandırmasa olmur, ona görə ki, qazın kubunu 20 qəpik ediblər: "Qaz yandıranda ödəyə bilmirik, odun yandırmaq həm də işığa qənaətdi".
"5 nəfər ailəyik, yoldaşım vəfat edib, oğlum beyninə qan sızmadan xəstədi, işlədə bilmirəm, ona görə 147 manat pensiyaya baxırıq. Onu da qaza ödəsəm, onda gərək biz heçnə yeməyək", - deyə 61 yaşlı qadın vurğulayır.
Sürəyya Zahirova deyir ki, o ərazidə olan varlı-kasıb hər kəs bilir ki, o, hər gün evə iki araba odun aparır, 16 ildir belədir:
"Yoldaşım xəstə idi, 5 ildi rəhmətə gedib. Bura Novxanıdı, ucqar yer də deyil, qaz da gəlir. Amma nə olsun, gərək qaz yandırdınsa, pulunu da ödəyəsən".
Yaşlı qadın deyir ki, elə bilməsinlər məlumatsızdə, hər yerdən də məlumatı var:
"Bütün dünyaya ucuz qaz paylayan SOCAR, Azərbaycan, öz vətəndaşına baha qaz satır. Qaz ölkəsinin vətəndaşı kimi mən 16 ildi odun daşıyıb yandırıram".
O deyir ki, indiyə qaz çəkdirməmişdi, bu il çəkdiriblər, indi də qaz bahalaşıb. Ona görə də məcburdu gedib odun yandırsın.
"Nə iş yoxdu işləyək, nə də oğlumun ailəsinə sosial yardım verirlər. Oğlumun ailəsinə sosial yardım almaq üçün müraciət etdim, dedilər sənin oğluna düşmür, getsin işləsin", - deyə Novxanı sakini bildirir.
Səriyyə Zahirova deyir ki, beyninə qan sızmış, eviləri yananda əli yanmış, əsgərliyə getməyən uşaq necə işləyə bilər? Sosial yardım verilmir, iş yerləri yoxdur, 5 nəfər ailə 147 manat pensiyaya baxır.
"Yayda biraz incil yığıram satıram, həyətə göyərti əkirəm, həm satıram, həm özümüz istifadə edirəm, pomidor əkirəm. Amma qışda ancaq sırf pensiya ilə yaşayırıq", - deyə 61 yaşlı qadın bildirir.
Səriyyə Zahirova reportajın sonunda deyir ki, bəlkə yuxarıdakılar baxa, adam olalar: "Bu ölkənin insanları belə yaşamamalıdır".