"Yanğından bir ay əvvəl izlənirdim" - Şirkət təsisçisi

"Yanğından bir ay əvvəl izlənirdim" - Şirkət təsisçisi
17 Noyabr 2016
Mətni dəyiş
Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə  şahid qismində Miryusif Mahmudovun şəxsi sürücüsü Rasim Qəhrəmanov ifadə verib. O, ifadəsində  yanğın baş verən günü Miryusif Mahmudovla yolda olduğunu deyib: "Həmin vaxt Miryusif müəllimə zəng gəldi və yanğının baş verdiyini bildirildi.  Biz də ora getdik.  Miryusif müəllim dərman atdı. Bu vaxt zəng gəldi, mənə dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib. Ofisin qabağında naməlum şəxslər var. Bir qədər sonra Miryusif müəllim və daha iki nəfər maşına əyləşdi. Maşını MTN-nin qabağına sürdüm. Orada Miryusif müəllim düşəndə dedi ki, gözləmə. Axşam saat 5 radələrində Miryusif müəllim zəng vurdu və Ağır Cinayətlər Üzrə Istintaq İdarəsinin qabağına gəlməyimi istədi. Saat 10-a kimi orada gözlədim".
“Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləyən Elbrus Sultanov ifadə verib.  O qeyd edib ki, yanğın baş verən günü ofisə 4 nəfər gəlib: "Vəsiqələrini çıxardıb MTN əməkdaşı olduqlarını bildiriblər. Ümumilikdə 12 nəfər gəlmişdi, 4-ü içəri girdi. Onlar ofisdən sənədləri apardılar,  sonra axşam tərəfi Baş Prokurorluğun əməkdaşları gəldi, ofisdə axtarış aparıldı".
Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, hadisədən bir ay əvvəl həm telefonu dinlənilib, həm də izlənilib: "Izlənməyimi sürücüm də bilib. Sürücümə deyirdim ki, onları aldat, dalımızca gələ bilməsin".
“Qlobal Stone” MMC-də menecer Zaur Əbilov ifadə verib. O, ifadəsində ofisə MTN əməkdaşlarının gəlməsindən danışıb: "Onları ofisdə direktor İlqar Vəliyev qarşıladı. İlqar müəllim bildirdi ki, şirkətin baş direktoruyam, məni aparın. İlqar müəllimi aparmadılar,  dedilər ki,  bizə Miryusif müəllim lazımdı.  Miryusif müəllim gəldi və onu apardılar".
“Qlobal Stone” MMC-də mühafizəçi işləyən Samir Əsgərovsa ifadəsində deyib ki, yanğın baş verən günü işə gələndə ofisin qabağında xeyli adam vardı. İçəri girmək istədim, dedilər MTN-dən gəlmişik, ofisə giriş bağlıdı".
Proses noyabrın 22-də davam edəcək.
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun