16 Noyabr 2016
Mətni dəyiş
"Washington Times" qəzeti, ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trumpın yanvar ayında vəzifəyə gəlməsi sonrası, ABŞ və Rusiyanın Suriyadakı terrorist qruplara ortaq hava əməliyyatları təşkil edə biləcəyini yazıb.
Rusiya və ABŞ-ın sentyabrda imzaladığı bir razılaşma, tərəflərin Cenevrədə ortaq tətbiq mərkəzi qurmalarını nəzərdə tuturdu. Bu mərkəz üzərindən də Suriyadakı terrorist qruplara ortaq hava əməliyyatları təşkili planlaşdırılırdı. Lakin planın bu qisimi həyata keçirilməyib.
"Washington Times" qəzetinə görə isə, ABŞ-lı hərbi səlahiyyətlilər və diplomatlar, Moskva və Washingtonun terrorçuları yox etmək kimi ortaq bir məqsədinin olduğunu söyləyən Trumpın siyasətini həyata keçirməyə hazır olduqlarını söyləyir.
Qəzetə danışan ancaq adını vermək istəməyən amerikalı hərbçi, "Bu planı (sentyabrda imzalanan razılaşma) həyata keçirməyə hazır idik, bunun üçün özümüzü yenidən hazırlaya bilərik", - deyə qeyd edib.
ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi isə prezident Barack Obama dövründə imzalanan planının yeni rəhbərliyə təqdim edilə biləcəyini ifadə edib. Lakin nümayəndə, Trump və komandasının bu planı 'olduğu kimi' mənimsəyib-mənimsəməyəcəyini kimsənin bilmədiyini söyləyib. Kremldən edilən açıqlamada isə, ilk dəfə telefonda danışan Rusiya Dövlət Başçısı Vladimir Putin və Trumpın, 'bir nömrəli ortaq düşmən olan beynəlxalq terrorizmə qarşı səylərin birləşdirilməsi lazım olduğu mövzusunda fikir birliyi içərisində olduqları' ifadə edilmişdi.