Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar

Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar
15 Noyabr 2016
Mətni dəyiş
“Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə modern.az saytına deyib.
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
“Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub” - deyə Çingiz Qənizadə bildirib.
Qanunvericiliyə dəyişikliklə bağlı baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.
APA-nın məlumatına görə, yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun