Mətbuat icmalı: Hökumət hələ də neftin bahalaşacağına ümidlidir

Mətbuat icmalı: Hökumət hələ də neftin bahalaşacağına ümidlidir
25 Noyabr 2016
Mətni dəyiş
Hökumət hələ də neftin bahalaşacağına ümidlidir
"Yeni Müsavat" qəzeti yazır ki, Azərbaycan hökumətinin neftlə bağlı gözləntilərinin hələ də qalması ekspertlər tərəfindən narahatedici faktor kimi dəyərləndirilir.
"Son olaraq energetika naziri Natiq Əliyev gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırıb.
Nazir "Respublika" qəzetinə yazdığı məqaləsində bildirib ki, proqnozlara əsasən, gələn il dünyada neftə tələbat artacaq. Bununla da neftin qiyməti bahalaşmağa başlayacaq," deyə yazıda qeyd edilir.
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı açıqlamasında bildirib ki, əslində hökumətin neftin bahalaşmasını gözləməsi və bu arzu ilə yaşaması doğru deyil:
"Görünən odur ki, hökumətin arzusu, istəyi, gözləntisi neftin qiymətlərinin sürətlə qalxmasıdır.
Gözləyir ki, qiymətlər qalxsın və ölkədə yaşanan problemlər birdəfəlik həll olunsun, iqtisadi problem arxada qalsın.
Amma anlamalıdırlar ki Azərbaycanda bu gün yaşanan problem neftin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Bu nəticədir. Yəni neftin qiymətinin düşməsi nəticə olaraq iqtisadi durumu pisləşdirdi.
Amma səbəblər müxtəlifdir və həddindən artıq dərindir. Səbəblər idarəetmədədir, rəqabətli mühitin olmamasındadır, korrupsiya üçün yaranan sxemlərin illərdir ölkədə mövcudluğudur. Həmçinin, səbəb məhkəmə azadlığının olmamasıdır ki, iş adamları və əmlak sahibləri öz hüquqlarını qoruya bilmirlər.
Yəni bunlar səbəblərdir və bu səbəblərə görə də indiki ağır iqtisadi duruma düşmüşük. Neftin qiymətinin düşməsi bu səbəbləri qısa müddətdə üzə çıxardı.
Elə bil ki, obrazlı desək, kosmetikanı yudu və ölkə iqtisadiyyatının əsl siması üzə çıxdı. Hökumət bunu dərk etməlidir, bütün ümidlərini və gözləntilərini neftin qiyməti ilə bağlamamalıdır.
...Ümumiyyətlə, neft faktorunu tamamilə gündəmdən çıxarmaq, unutmaq lazımdır ki, Azərbaycanda real iqtisadi əsaslara söykənmiş bir model qurulsun.
...Real iqtisadi modelə keçməsək, neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanda problemlər getdikcə də davamlı şəkildə olacaq," deyə o qeyd edib.
"Bakıda metroda homoseksualı döydülər"
Bizimyol.info-nun məlumatına görə, dünən axşam saatlarında bir neçə gənc stansiyada olan homoseksual sərnişinə qarşı xuliqanlıq edib. Dava-dalaşın qarşısını polis alıb. Həmin şəxslər izahatları alınması üçün polis məntəqəsinə aparılıb.
İnsident Bakı Metrolopiteninin "Xətai" stansiyasında baş verib.
"Bu bütün "qırmızı xətlərin" keçilməsi deməkdir"
"Azadliq.info" sabiq nazir Eldar Mahmudovun müstəniqə təhqirlə cavab verməsi ilə bağlı mövzunu davam etdirib. Qəzet hüquqşunas Əyyub Kərimovdan məsələ ilə bağlı münasibət alıb.
Hüquqşünas Əyyub Kərimov bildirib ki, yayılan məlumatın nə dərəcədə həqiqət olduğu barədə məlumatı yoxdur. Əgər E.Mahmudov müstəntiqlə danışığında bu cür ifadələrdən istifadə edibsə, bu bütün "qırmızı xətlərin" keçilməsi deməkdir. Əgər müstəntiqlə danışıqda belə ifadələrə yol verilibsə, bu əslində dövlət başçısına qarşı çıxmaq deməkdir. Çünki prezident dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə toxunulmaz adam yoxdur. Demokratik dövlətlərdə hətta prezidentlər belə hakimiyyət başında olanda məhkəməyə dəvət olunurlar və orada ifadə verirlər.
"Eldar Mahmudov müstəntiqə qarşı belə hərəkətə yol veribsə, bu prezidenti saya-salmamaqdır. Yəni mən heç kimi saymıram deməkdir. Digər tərəfdən əgər belə bir insident baş veribsə, bu Baş Prokurorluğun zəifliyidir. Bu hərəkətə görə həmin şəxs dərhal həbs olunmalı idi. Bu cür hərəkətlər baş verirsə, prokurorluq çəkinməməli və həmin şəxsi istintaqa cəlb edərək, ən sərt suallarını ünvanlamalıdır".
Ə.Kərimmov onu da bildirdi ki, istintaq E.Mahmudovu dindirmək hüququna malikdir.
Qeyd edək ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi (həmin müstəntiqin kimliyi redaksiyamıza bəlli olsa da bir sıra səbəblərdən açıqlamırıq-red.) bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan nazir onu ağır ifadələrlə təhqir edib. “Sən kimsən ki, məni istintaqaçağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.
Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun