Bank şəhid ailəsini məhkəməyə verdi, sonra kredit borcunu sildiyini bildirdi [Fotolar]
25 Noyabr 2016
Mətni dəyiş
Ötən ilin aprel döyüşlərində şəhid olmuş Baxşəliyev Rəşid Əlifağa oğlunun anası Baxşəliyeva Çimnaz Əsgər qızını "Unibank" rəhbərliyi 1000 manat kredit borcuna görə məhkəməyə verib.
Bu barədə şəhid anası moderator.az saytına məlumat verib. O bildirib ki, "Unibank"dan 2015-ci ilin yanvar ayında "Albalı kart" alıb və bu kart vasitəsi ilə hesabından 500 manat pul çıxarıb:
"Həmin vaxt maddi durumumuz yaxşı deyildi, həyat yoldaşım da işləmirdi, xəstədi. Həmin pulla Rəşid hərbi xidmətdə olarkən ona da dəyməyə getdim və qalanını isə evə sərf etdim".
Baxşəliyeva Çimnaz qeyd edib ki, bundan başqa "Kapital Bank"a da 3500 manat kredit borcu olub. Rəşid şəhid olandan sonra "Kapital Bank" rəhbərliyi onu çağırıb deyib ki, 3500 manat sənin kimi anaların ağ saçlarına qurban olsun. Beləcə bank rəhbərliyi 3500 kredit borcunu silib:
"Çünki vəziyyətimiz həqiqətən yaxşı deyil. Özüm Bakı şəhəri yaşıllaşdırma idarəsinin 2 saylı təsərrüfat birliyində bağ fəhləsi işləyirəm. İndi səhhətimlə bağlı məni məzuniyyətə göndəriblər. Çünki gözümün ağı-qarası tək oğlum şəhid olandan sonra səhhətimdə problemlər yaranıb".
Şəhid anası deyib ki, başları yas mərasiminə qarışdığı bir vaxtda "Unibank" onu Zəngilan məhkəməsinə verərək pulu ödəməyimi xahiş edib. Yığılan faizlə birlikdə 500 manat şişərək artıq 1000 manata çatıb. Çimnaz Baxşəliyeva məhkəməyə gedib deyib ki, ödəməyə imkanı yoxdu. Nə o, nə də həyat yoldaşı işləyir. Bir oğlu var idi, o, da şəhid olub. Amma problem elə də qalıb.
"Bunlar bir şəhid ailəsinin 1000 manat kreditini silə bilmir?! Niyə "Kapital Bank" şəhid anası olduğum üçün o addımı atdı, "Unibank"yox? Mən çox təəssüf hissi keçirirəm. Oğlum sağ olsaydı, indi gedib işləyərdi, qoymazdı anası banklarda kredit əsiri olsun. Mən Müdafiə Nazirliyindən mənə kömək etmələri ilə bağlı xahiş edirəm". (Ardı aşağıda)
Mətbuatda şəhid anasının açıqlaması yayılandan qısa bir müddət sonra Unibank məsələ ilə bağlı məlumat yaydı. Bankın açıqlamasında deyilir ki, müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının banka olan kredit borcunun silinməsinə qərar verilib.
"Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır.
Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir".
Həmçinin bank açıqlamasında deyib ki, bu məsələni gündəmə gətirən, mövzunu işıqlandıran kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirir.