Azərbaycanda dövlət hesabına "rus sektoru" olmalıdır, ya yox? [Polemika]
27 Noyabr 2016
Mətni dəyiş
Müəyyən dövrlərdə bu mövzu aktuallığı ilə gündəmə gəlib, ictimaiyyət nümayəndələrinin müzakirələrinə səbəb olub. Son günlər yenə "Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində təhsil olmalıdı, yoxsa yox?" əsas müzakirə mövzularından birinə çevrilib
Müzakirəyə səbəb isə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə diplomatı Eleonora Mitrofanovanın qonşu ölkələrdə rus dilinə hüquqi status verilməsi ilə bağlı açıqlaması olub.
Dİplomat deyir ki, rus dilinin dünyada vəziyyəti ilə bağlı bir sıra problemlər var, xüsusilə də qonşu ölkələrdə rus dilinin statusu ilə bağlı vəziyyət ön plana çıxır:
"Qonşu ölkələrin konstitusiyasında və praktikada rus dilinin müəyyən edilmiş statusunun inkişafı və hüquqi konsolidasiyası bizim bir nömrəli vəzifəmizdir. Rus dilinin xaricdə təşviqinə xüsusi səy göstərilməlidir. Keçmiş SSRİ ölkələrində yuxarı səviyyədə məsələ qaldırılmalıdır ki, rus dilinə qanunverici status verilsin”.
"Rus sektoru" milli kimlik və təhlükəsizlik məsələsidir
Əvvəlcə bu məsələyə REAL İdarə Heyətinin üzvü Erkin Qədirli tərəfindən reaksiya verilib. E.Qədirli təcili olaraq təhsil ocaqlarında fəaliyyət göstərən rus bölmələrinin qapadılmasını və bu hadisənin milli məsələ olduğunu vurğulayıb:
“Mən deyəndə ki, "rus sektoru"nu qapatmaq lazımdır, çünki "rus sektoru" təhsil məsələsi deyil, milli kimlik və milli təhlükəsizlik məsələsidir, mənə inanmayanlar üstümə gəlirdi. İndi isə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Eleonora Mitrofanova deyib ki, "qonşu ölkələrdə rus dilinə hüquqi statusun verilməsinə nail olmaq - Rusiya xarici siyasətinin öncül məsələsidir".
Təkrar edirəm, "rus sektoru"nu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır. Qonşuluğumuzu və tariximizi nəzərə alsaq, buna milli kimlik və milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq”.
"Yenə primitiv millətçilik"
Ciddi müzakirələrə səbəb olan mövzuya Azərbaycanın Rusiyada səfiri işləmiş, politoloq Hikmət Hacızadə də fikir bildirib. Məsələyə başqa aspektdən yaşadan H.Hacızadə, rus bölmələrinin Azərbaycan üçün heç bir təhlükə yaratmadığını deyərək, rəsmi səviyyədə edilən açıqlamaya normal yanaşıb:
"Yenə rus məktəblərini (bölmələrini) bağlamaq şüarları səsləndi, yenə primitiv millətçilik. Bu məsələnin həlli üçün 2 suala cavab verməliyik:
1. Kimsə bizə dəqiq sübut etsin ki, rus məktəbini bitirənlər vətənimizı daha az sevir, vətənpərvər ola bilmir. (Məsələn Bandotdeldə işçilərin hamısı Azərbaycan bölməsini qurtarıb və hər gün yüksük vətənpərvərlik nümunəsi göstərir).
"Dünya görüşü də rus bölməsini bitirənlər arasında daha genişdir!"
2. Birdə sübut edin ki, rus bölməsini bağlayandan sonra Azərbaycan bölməsinin məzunları dünyanın işləri ilə maraqlanmağa və kitab oxumağa başlayacaq. Hazırda Azərbaycan dilində çap olunan kitablar ən çoxu 300 nüsxə satılır! Fikir verin, 9 milyon əhaliyə cəmi 300 kitab düşür. Bu rəqəmlər onu göstərir ki, rus bölməsini bağlasaq ölkəmiz dünyadan bixəbər qalacaq. Rus kitabların isə nə qədər satıldığını hələ ki, araşdırmamışam. Amma Azərbaycan dilində kitablar 300 nüsxədən çox satılmır - bu faciədir. Çalışın bu faciənin sirrini açın. Bunu düşünün. Biləcəridən o yana niyə gedə bilmirik - bunu düşün.
Politoloq deyir ki, rus bölməsini hələ ki, sakit qoyaq: "Qısa olaraq bunu deyə bilərəm: Vətəni sevmək, onun yolunda fəda olmaq üçün adam başını “bozbaş boşqabı”ndan qaldırıb, ictimai həyətda fəal olmalıdır, onun geniş dünya görüşü olmalıdır. Dünya görüşü də rus bölməsini bitirənlər arasında daha genişdir!"
Hikmət Hacızadə qeyd edir ki, onun da oğlum Azərbaycan bölməsində oxuyub, sonra ABŞ-a gedib, sonra türmədə yatıb. O bildirir ki, bir böyük məsələ də var ki, rus məktəbi bütün dünyaya balaca “fortuçka”dır və bu istər-istəməz görünür.
"Araşdırmaq lazımdır, dil bilməklə deyil. "Beatles" bilmək, müasir kinolardan xəbər olmaq, yeni kitablardan xəbər olmaq, yeni biznesdən xəbər almaq, yeni incəsənətdən və stillərdən xəbərdar olmaq, insan münasibətlərində postmodern davranış haqqında xəbərdar olmaq, budur rus məktəbinin “fortuçka”sında gələn məlumat. Bu “fortuçka”nı bağlasaq, Biləcəri stansiyası olacağıq", - deyə keçmiş səfir vurğulayıb.
Mövzu ilə bağlı daha bir maraqlı fikirlər səsləndirən jurnalist Əfqan Muxtarlı olub. O, rus bölməsinin bağlanacağı təqdirdə qaranlığa qərq olunacağımızı deməyin düzgün olmadığını qeyd edib:
“Bizdə təhsil problemi var. Rus məktəblərində, rus bölməsində təhsilin yaxşı olması ilə bağlı düşüncə də yanlışdır. Hansı araşdırmaya əsasən deyirsiniz ki, ancaq rus bölməsini bitirənlər dünya işləri ilə maraqlanıb, kitab oxuyur. Rus dilində çap olunan neçə kitab satılır? Rus bölməsində oxuyanların neçə faizi ali məktəblərə daxil olur? Onların topladıqları bal Azərbaycan bölməsindən fərqlənirmi? Bunları araşdırmadan rus bölməsi bağlansa, qaranlığa qərq olacağıq demək doğru deyil”.
Hüquqşunas, DİN-in keçmiş idarə rəisi Əlövsət Əliyev isə ümumiyyətlə, Azərbaycan və rus bölmələri arasında hər hansı bölgü və mübahisə aparılmasını pisləyir:
"Rus dilinə olan maraq bu gün vəzifədə olanların əksəriyyətinin rusdilli olması ilə bağlıdır. Ölkənin bu vəziyyətə düşməsində isə hər birimizin "əməyi" var. Unutmayın ki, ölkənin siyasi iradə sahibləri rus dillilərdir. Ümumiyyətlə, belə bölgünün və mübahisələndirmənin aparılmasını pisləyirəm. Əsas qanunumuz isə belə deyir.
Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir".
Neft-qaz sahəsi üzrə eskpert İlham Şaban da səslənən fikirlərə münasibətini bildirib:
"Mənim qardaşımın yoldaşı ibtidai sinif müəlliməsidir. Deyir ki, Bakıda kiçik ticarətlə məşğul olub, ev kirayəlib, burada yaşayan bölgədən olan azərbaycanlılar bir kəlmə də rus dilində bilməyən uşaqlarını rus bölməsinə yazdırmağa əksər hallarda böyük həvəs göstərirlər. Soruşanda deyirlər ki, rus dilində danışa bilsə, heç olmasa qarşısında Rusiyada pul qazanmağa imkan olar".
Ekspert deyir ki, başqa bir nümunədə rus dili bilən miqrant artıq "daş daşımır, həmin pulu kassa arxasında oturmaqla da çıxara bilir" qurğulanır. O, bildirir ki, sadə insanların düşüncəsində belə amillər də var.
ADAM Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Rüfət Qaragözlü də mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, rus dilindən tez bir zamanda qurtulmaq və bundan qorxmamaq lazımdır.
Sosioloq Hikmət Hacızadənin iki fikrinə münasibət bildirib.
"Birinci deyirsən ki, kimsə bizə dəqiq sübut etsin ki, rus məktəbini bitirənlər vətənimizi daha az sevir, vətənpərvər ola bilmir (Məsələn Bandotdeldə işçilərin hamısı Azərbaycan bölməsini btirib və hər gün yüksək vətənpərvərlik nümunəsi göstərir).
Cavabım odur ki, ən böyük sübut – demokratik mitinqlərə çıxan insanların böyük əksəriyyətinin Azərbaycan bölməsindən olmasıdır. Elə də çox olmayan demokratik partiya və quruluşların (media, NGO-ların) üzvlərinin əksəriyyəti Azərbaycan bölməsidir.
Haradadır o rus bölməsi? Haradadır “ara, mı bakintsı” deyələr? Niyə heç bir tədbirə gəlmirlər, demokratiya uğrunda mübarizəyə heç bir töhfələrini vermirlər? “Bandotdeldə adamları döyənlərin əksəriyyəti niyə Azərbaycan bölməsidirr?“, - deyə soruşursan. Cavabım isə, çünki, millətin çoxu Azərbaycan bölməsidir. Rusyada misal üçün bandotdeldə adamları döyənlərin hamısı rus bölməsidir, çünki orada əhalinin əksəriyyəti həmin bölmədə oxuyur. Bunun hansı bölmə daha mütərəqqidir məsələsinə heç bir aidiyatı yoxdur. Odur ki, məsələləri qarışdırmayaq. Fərz etsək ki, bizdə əhalinin əksəriyyəti rus bölməsidir, inan ki, bu rejim bandotdelə rus bölməsindən adamları qoyardı. İstəmirsən bu tipli bandotdel olsun, rejimi dəyişəcəksən. Vəssalam.
İkinci sualına isə cavabım odur ki, rus bölməsini bağlayandan sonra həmin o rus dilində “dünyayla maraqlanan” insanlar məcbur olub həmin işi Azərbaycan dilində görəcək, Azərbaycan dilində kitab oxumağa məcbur olacaq, Led Zeppelin haqqında öyrənməyə, kinolara baxmağa, biznes haqqında öyrənməyə məcbur olacaq və s. Əvvəl-əvvəl çox çətin olacaq, çünki resurslar bu gün çox məhduddur. Demək olar ki, yox səviyyəsindədir. Və tam haqlısan, biz bir müddət daha da geriyə gedəcəyik. Ancaq bir müddət sonra (bu bəlkə də on illər aldı, o millətin fərasətindən asılıdır və bir də onu idarə edənlərdən) bu zəruri resurslar yaranacaq. Bunu millətimiz edəcək və yaxud da etməsə tarixdən silinib gedəcək. Çətin və ağrılı yol olacaq. Ancaq istər-istəməz bunu etmək məcburiyyətindəyik. Bu müstəqilliyin qaçılmaz hissəsidir. Madəm ki, müstəqilliyimizi elan etmişik, gəlin indi onun mahiyyətini də dolduraq. Necə ki, mahiyyətinin böyük hissəsi demokratiya və azad iqtisadiyyatdırsa, mahiyyətinin digər hissəsi də milli dilimizdir. Əks halda, müstəqilliymizi elan etməyə heç bir lüzum yox idi. Ruslarla bərabər oturub, “dünyaya açılardıq”. Türkiyədə də Cumhuriyyətini quran illərdə ana dilində heç bir resurs yox idi. İşləyə-işləyə, çətinlikləri aşa-aşa, əziyyətlərə dözə-dözə bunun öhdəsindən uğurla gəldilər və bugün türk dilində böyük resurslar var. Məsələn, ədəbiyyat sahəsində heç də ruslardan geri qalmırlar. Hətta, məncə, üstələyir. İnternet resurslarında bəlkə biraz zəifləmə hiss edilir, amma yenə də əsas məsələlər həll olunur. Başqa məsələ ki, o mübarizə bugün də davam edir, amma nə etməli, həyat daim mübarizədir.
Bilirəm, deyəcəksən, Türkiyədə bizdən 10 dəfə çox əhali yaşayır, onun üçün onun təcrubəsi bizə uyğun gəlmir. O zaman, məsələn İsveçə, Norveçə, Danimarkaya baxaq. Onların əhalisi bizə uyğundur. Onlar rahatlıqla öz dillərində təhsil alırlar və hər şeydən də xəbərləri vardır. Deyəcəksən onlar ingilis dilindən pilot dili kimi istifadə edirlər. Bəli, təhsilllərində 2-ci dil kimi əsasən ingilis dilini öyrənirlər. Amma, fikir verək, ikinci dil- xarici dil kimi bunu edirlər. İndi kim bizə təhsilimizdə rus dilini ikinci və yaxud 3-cü (istəyənlər rus, ingilis, alman, ispan və s. seçə bilər) dil kimi öyrənməyə mane olur? Təbii ki, xarici dili öyrənmək lazımdır. Sadəcə, təhsilimizin səviyyəsini artırmaq lazımdır ki, bu 2 və 3-cü dillər gerçəkdən də əmməli başlı öyrədilsin və öyrənilsin. Bu isə yenə islahatların mövzusudur. Aydın məsələdir, bunlar etməyəcək. etsə, onu normal hökumət edəcək. Odur ki, rus dilindən gec-tez qurtulmalıyıq və bundan qorxmaq lazım deyil, Buna hazır olmalıyıq və üzərində gərgin iş aparmalıyıq. Məncə bu mümkündür. Həm də, bu bizim bir millət kimi haqqımızın olmasına əsl sübut olar (şüar olaraq yox). Rusdillilik əlbəttə bizim üçün mütərəqqi görünə bilər, ancaq sonunda vurduğu ziyan verdiyi töhvələrdən böyükdür. Çünki, sənin azadlığından üstün olsun heç nə yoxdur".