Nidaçı Bayram Məmmədovla bağlı məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət poçtda itib. Abzas.net-in məlumatında görə bu barədə siyasi məhbusun vəkili Elçin Sadıqov məlumat verib.
Məsələ ilə bağlı vəkil Azərpoçtu qünahkar bilir. O bildirib ki, Azərpoçt Bayram Məmmədovun 19 noyabr 2016-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi 1,27 kq çəkidə olan şikayətini itirib:
"Belə ki, elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür".
"Artıq mütəmadi şəkil alıb"
Elçin Sadıqov deyib ki, bununla bağlı bir daha Avropa İnsan Hüquqları Məhkəməsinə əlavə olaraq insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 34-cü maddəsinin pozuntusunu qoyacaq.
[caption id="attachment_5062" align="alignleft" width="987"]

Vəkil ELçin Sadıqov[/caption]
"Ona görə ki, Azərbaycan höküməti bunu artıq mütəmadi şəkildə edir. Deməli, insan tutulur, ağılasığmaz işgəncələrə məruz qalır, vəkilinə təzyiqlər edilir və ən sonda hüququndan istifadə edib göndərdiyi şikayət itirilir və məhkəməyə çatdırılmır. Hörmətli hüquq müdafiəçiləri artıq belə hallar mütəmadi xarakter alıb. Bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq lazımdır", - deyə vəkil vurğulayıb.
Azərpoçt: “Rəsmi sorğu versinlər, araşdıraq...”
“Azərpoçt”dan Azadlıq Radiosuna məktubun qəsdən “itirilməsi” barədə deyilənlərin doğru olmadığını bildiriblər.
“Texniki səbəblərdən hansısa məktubun itməsi, mənzil başına gec çatması baş verə bilər. Bunlar bütün dünyada poçt işinin tərkib hissəsidir. Konkret məktuba gəldikdə isə, kiminsə şikayəti varsa, poçta rəsmi sorğu verib araşdırma aparılmasını istəyə bilər. Bizə qeyd olunan məktubla bağlı hər hansı rəsmi sorğu verilməyib”, deyə bildiriblər.
Avropa Məhkəməsinə gedən şikayətlərin "itməsi" ilə bağlı bu ilk belə hal deyil. Buna qədər AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, və cəbhəçi Murad Ədilovun Avropa Məhkəməsinə göndərilən şikayətləri yoxa çıxıb.
Qeyd edək ki, Bayram Məmmədov gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Qiyas İbrahimovdan da heroin tapıldığı bildirilib.
Gənclər narkotik ittihamlarını qəbul etmirlər. Onlar bildirirlər ki, həbslərinin səbəbi keçmiş prezident Heydər Əliyevin abidəsinə etiraz şüarları yazmalarıdır.
Qiyas İbrahimovun birinci instansiya məhkəməsində işinə baxılıb və barəsində 10 il azadlıqdan məhrum etmə cəzası verilib. Bayram Məmmədovun məhkəməsi isə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.