17 Noyabr 2016
Mətni dəyiş
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Prosesdə Akif Çovdarov keçən məhkəmə vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə təqdim etdiyi ərizəsini geri götürdüyünü bildirib.
O, bu barədə məhkəməyə müraciət edib. A.Çovdarov onun müdafiəsinə yeni qoşulan Şahin Rəfiyevin də müdafiəçi kimi məhkəmədə iştirak etməsini istəyib.
***
Məhkəmədə Çovdarovun işə yeni qoşulan vəkili Şahin Rəfiyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəsə də, hakim bunu təmin etməyib.
Akif Çovdarov məhkəmədə çıxış edərək onunla birgə saxlanılan Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun azadlığa buraxılmasını istəyib: "Sizin məhkəməniz də, hökmünüz də mənə maraqlı deyil. Bu uşaqların heç bir günahı yoxdur. Onları buraxın, nəyə desəniz qol çəkərəm".
Vəkil Sadiq Rəsulovun cinayət işinə xitam verilməsi, A.Çovdarov barəsində həbs-qətimkan tədbirinin ləğv edilməsi və ya ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.
Bundan sonra A.Çovdarov üçün xarici mütəxəsisslərin iştirakı ilə ümumi tibbi ekspertiza keçirilməsi barədə vəsatət verilib. Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib. Belə ki, A.Çovdarov barəsində ümumi tibbi ekspertiza təyin olunub, lakin xarici mütəxəssislərin iştirakına icazə verilməyib.