Əli Abbasov nazirliyə dəymiş ziyana görə 6 milyon manat ödəyib [Yenilənib]

Əli Abbasov nazirliyə dəymiş ziyana görə 6 milyon manat ödəyib [Yenilənib]
16 Noyabr 2016
Mətni dəyiş
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan məhkəmə işinə hakim Əfqan Hacıyev sədrlik edir.
Əli Abbasov 6 milyon 836min 540 ziyan ödəyib
Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib. O, çıxışında Vidadi Zeynalov barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması istəyib.
Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov isə vəsatətində sabiq nazir Əli Abbasov və onun müavini olmuş İltimas Məmmədovun şahid qismində dindirilməsini istəyib:
"Onlar əlavə şahid kimi yox, bir başa şahiddirlər. İstintaq dövründə şahid qismində dindirilsələr də, iş məhkəməyə gələn zaman şahidlər siyahısına salınmayıb. Onların ifadəsi çox önəmlidir. Sizə siyahı təqdim edirəm, başda Əli Abbasov olmaqla həmin şəxslərin prosesdə şahid qismində dindirilməsini təmin etməyinizi xahiş edirəm. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016- cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş edilib".
Bəylər Məmişov və Ceyhun Yusifov digər vəsatətlərində Vidadi Zeynalovun əmlaklarına həbs qoyulması məsələsinə toxunublar. Bildiriblər ki, Vidadi Zeynalovun 2009-2016-ci illərdə bu cinayətləri törətmək ittihamları var.
Məhkəmə prosesində fasilə elan olunub. Günortadan sonra proses davam edib.
Məhkəmədə zərərçəkən şəxs qismində tanınan Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin nümayəndəsi Vüqar Babayev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, verilən vəsaətlərin təmin olunmamasını istəyib:
"Vəsatəti birində sabiq nazir Əli Abbasov və müavinin şahid qismində dindirilməsinin ehtiyac olmadığını deyib. Bildiyimiz qədəri ilə nazirliyinin digər yüksək vəzifəli şəxslər barəsində cinayət işi ayrı icraatdadır. Hazırda Korrupsiya Qarşı Mübarizə İdarəsində araşdırmalar davam edir. Onların dəvət olunması lüzumsuzdur. Vəsaətlərin əsasız olduğundan təmin edilməsin".
Prokuror Fərid Nağıyev çıxışında vəsatətlərin heç bir əsası olmadağından təmin edilməməsini istəyib:
"Sabiq nazir və digər vəzifəli şəxslərlə bağlı verilən vəsatətə gəlincə isə iş üzrə tanınan şahidlərin dindirilməsi başa çatdıqdan sonra əlavə şahidlərin çağırılması məsələsini o zaman müzakirəyə çıxarılmalıdır. Ona görə, bu vəsatət baxılamamış saxlanılsın".
Bundan sonra hakimlər kollegiyası vəsatətlərlə bağlı qərar qəbul etmək üçün müşavirəyə yollanılıb.
Hakimlər vəsatətləri təmin edilməyib: "Hazırki vəziyyətdə vəsasətlər təmin etmirik. Sonrakı proseslərdə həmin vəsətətləri verə bilərsiniz".
Məhkəmə baxışı noyabrın 25-ə təyin edilib.
Məhkəmədə o da məlum olub ki, Rabitə və Yüksək Texnologiya Nazirliyi dəymiş ziyanla bağlı 163 milyonluq mülki iddia qaldırıb.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib. Bununla yanaşı, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun