Gender bərabərsizliyi hesabatı açıqlanıb - Azərbaycan 86-cıdır

Gender bərabərsizliyi hesabatı açıqlanıb - Azərbaycan 86-cıdır
26 Oktyabr 2016
Mətni dəyiş
Dünya İqtisadi Forumu 2016-cı il üzrə Gender Bərabərsizliyi Hesabatını açıqlayıb.
Hesabat bütün dünyada qadınlarla kişilərin imkanları arasında hələ də böyük fərq olduğunu göstərir. "Gender bərabərsizliyi ilə ciddi məşğul olunmadığından dünya talantdan düzgün yararlanmamaq problemiylə üz-üzədir. Bu böyük problem iqtisadi artımı təhlükə altında qoyur, iqtisadiyyatı inkişafdan məhrum edir", - deyə hesabatda bildirilir.
Gender bərabərsizliyinə qarşı tədbirlərin qiymətləndirildiyi siyahıda Azərbaycan 144 ölkə arasında 86-cı yeri tutub. Digər Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 102-ci yerdə olmaqla, Azərbaycandan geridədir. Qonşulardan Rusiya 75, Türkiyə 130, İran 139-cu yeri tutub.
İlk 10-luğa kiçik Avropa ölkələri (İslandiya, Finlandiya, Norveç, İsveç) ilə yanaşı, daha öncə geri qalan Ruanda, Sloveniya, Nikaraqua kimi ölkələr də keçib. Bu isə bütün ölkələrin gender bərabərsizliyi ilə mübarizə aparmaq gücündə olduğunu göstərir.
İnkişaf etmiş ölkələrdən Almaniya (13), Fransa (17) və Britaniya (20) da ilk 20-likdədir. Birləşmiş Ştatlar keçən ilə nisbətən 17 pillə geriləyərək 43-cü yerə düşüb.
Hesabat 4 məsələyə – qadın və kişilərin təhsildə nailiyyətlərinə, sağlamlığına, iqtisadi imkanları və siyasi səlahiyyətlərinə əsasən hazırlanıb və qadınlarla kişilər arasında bərabərsizliyin böyük olduğunu, 2008-ci ildən bu yana ən böyük həddə – 59%-ə çatdığını müəyyən edib.
Hesabat müəllifləri bu rəqəmin arxasında çoxlu faktorların dayandığını vurğulayırlar. Araşdırmalar göstərir ki, dünyada qadınlar orta hesabla kişilərdən daha çox işləsələr də, onların əməkhaqqı yenə də orta hesabla kişilərin əməkhaqqının yarısından bir az çoxdur.
KİŞİLƏR-81, QADINLAR – 54%
Digər problem işçi qüvvəsindən bərabər şəkildə yararlanmamaqdır. Kişilərin işçi qüvvəsinin 81%-indən istifadə olunduğu halda, qadınların göstəricisi cəmi 54%-dir.
İdarəedici orqanlarda qadınların sayı yenə də kişilərinkindən azdır. Dünyanın cəmi 4 ölkəsində qadın və kişi deputatların, menecerlərin, yuxarı vəzifədə çalışan qadınlarla kişilərin sayı, demək olar ki, eynidir. Halbuki indi dünyanın 95 ölkəsində universitet təhsili almış qadınların sayı kişilərinkinə bərabərdir, bəlkə də çoxdur.
Dünya İqtisadi Forumu yazır ki, belə davam edərsə, bu gün doğulan qız uşağı sağlamlıq, təhsil, iqtisadiyyat və siyasətdə qadınla kişi arasında bərabərsizliyin aradan qaldırıldığını ancaq 83 yaşına çatsa, görə biləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun