"Əgər məhkəmə ədalətli qərar verməsə, onda mənim Azərbaycana inamım tamam itəcək”

"Əgər məhkəmə ədalətli qərar verməsə, onda mənim Azərbaycana inamım tamam itəcək”
11 Oktyabr 2016
Mətni dəyiş
“O insanlar ki, bu işdə öz qara əməllərini yerinə yetirdilər, onlar onsuz da Allahdan paylarını alacaqlar, mən buna yüz faiz əminəm”.
Bu sözləri “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva deyib.
Qardaşının günahsız olduğunu ifadə edən Ə. Hacıyevanın sözlərinə görə, ona verilmiş mənimsəmə, vəzifədən sui-istifadə, saxtakarlıq kimi ittihamlar məhkəmədə sübuta yetirilmədi: “Hamı çox gözəl bilir ki, Cahangirin təqsiri yoxdur. Bunu yaxşı bilirlər, ona görə də heç kim heç bir sənəd təqdim eləmədi. Heç nə sübuta yetirilmədi. Əgər məhkəmə ədalətli qərar verməsə, onda mənim ölkəmizə - Azərbaycana inamım tamam itəcək”.
Əminə Hacıyeva düşünür ki, müəyyən qüvvələr Beynəlxalq Bankın keçmiş rəhbərinin əleyhinə iş görüblər: “Biz yaxşı bilirik ki, həyat çərxi-fələkdir. Bu gün burada olan adam, sabah o biri yerə gedir. Heç kim “mənəm-mənəm” deməsin! O insanlar ki bu işdə öz qara əməllərini yerinə yetirdilər, onsuz da Allahdan paylarını alacaqlar, mən buna yüz faiz əminəm. Nağıllarda da deyildiyi kimi, mütləq Xeyir Şər üzərində qələbə çalır. Nə olursa-olsun, sonda Xeyrin Şərə qalib gələcəyinə əminəm”.
Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, bankın külli miqdarda vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanırlar. Prokuror Cahangir Hacıyevə 17 il həbs istəyib.
Cahangir Hacıyev ittihamları qəbul etmir. Onun fikrincə, barəsindəki cinayət işinə xitam verilməli və olanlara görə ondan və digər təqsirləndirilən şəxslərdən üzr istənməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun