ATƏT 92 məntəqənin 40 faizində səslərin sayılmasını mənfi qiymətləndirib

ATƏT 92 məntəqənin 40 faizində səslərin sayılmasını mənfi qiymətləndirib Foto: Turan
2 Sentyabr 2024
Mətni dəyiş

Beynəlxalq müşahidə missiyası növbədənkənar parlament seçkilərinin məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutduğunu açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə müşahidə missiyası sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin rəyini yayıb.

Beynəlxalq müşahidə missiyasının bu gün yaydığı bəyanatda bildirilib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, əsas azadlıqları və medianın fəaliyyətini həddindən artıq məhdudlaşdıran hüquqi çərçivədə keçirilib.

ATƏT/DTİHB müşahidəçiləri seçki günü ölkə boyu 6343 məntəqənin 922-də seçkilərin müşahidəsini həyata keçirib. Birgə müşahidə missiyası qeyd edib ki, seçki qanunvericiliyi son parlament seçkilərindən bəri əsaslı şəkildə dəyişməyib, DTİHB və Venessiya Komissiyasının tövsiyələri və Avropa İnsan Haqları Məhkəməsinin qərarları nəzərə alınmayıb. 

Namizədlərin qeydiyyat prosesi həddən artıq ağır tələblər, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin hədə-qorxu ilə geri çəkilmə halları ilə müşayiət olunub, siyasi partiyalar üçün yeni tələblər isə onların qeydiyyatına əlavə məhdudiyyətlər tətbiq edib.

"Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub. Bütün bunlar ölkədə siyasi plüralizmin olmaması, sönük kampaniyalar keçirilməsi nəticəsində baş verib və seçki prosesini sarsıdıb", –  deyə ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri və xüsusi koordinatoru Maykl Krid bu gün keçirilən mətbuat konfransında deyib. 

İlkin rəydə qeyd olunur ki, 112 749 vətəndaş seçkiləri müşahidə etmək üçün seçki komissiyalarına müraciət edib. Yerli müşahidəçilərin böyük əksəriyyəti hakim partiya tərəfindən təqdim olunub. Bu da müstəqil yerli müşahidəçilərin seçki prosesini izləmək imkanının olub-olmadığına dair narahatlıq yaradır. MSK-nın qeydə aldığı beynəlxalq müşahidəçilərin sayı isə 598 nəfər təşkil edib.  

Seçki komissiyaları daxilində hakim partiyanın üzvlərinin üstünlük təşkil etməsi, müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyət qoyulması demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq və inklüzivlik prinsiplərinə zidd olub. Hesabatda qeyd edilib ki, parlament seçkilərində iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu, səsvermə yaşında olan vətəndaşların sayından təxminən 1,2 milyon nəfər azdır, eyni zamanda məlumatların düzgünlüyünə və seçicilər reyestrinin inklüzivliyinə dair suallar yaradır.

Müşahidəçilər açılış və səsvermə proseslərinin nizamlı və səmərəli təşkilini qiymətləndiriblər. Bununla belə, mühüm prosedurların və təminatların tətbiqində, xüsusən də səslərin sayılması zamanı ciddi pozuntular və uyğunsuzluqlar olub. Bu da ümumilikdə prosesin şəffaflığı ilə bağlı narahatlıqları artırıb. Beynəlxalq missiyanın müşahidəçiləri 92 seçki məntəqəsinin 40 faizində seçkinin yekunlaşmasını və səslərin sayılmasını mənfi qiymətləndirib. 

Eyni zamanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbslərinin və təzyiqlərin artması medianın məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə birləşərək geniş yayılmış özünüsenzura ilə nəticələnib və müstəqil jurnalistikanın imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.  Hakimiyyətin interneti və sosial şəbəkələri izləmək niyyətini bəyan etməsi siyasi debatları daha da səngidib.

 "Bu seçkilərdə əhali arasında geniş yayılmış siyasi laqeydliyə səbəb olan həqiqi seçki və iştirakın olmaması tamamilə aydındır. Eynilə, KİV-lərə qarşı davam edən məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən əsassız həbslər kimi narahatedici tendensiyalar siyasi diskursları qəti şəkildə boğur. Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”, – ATƏT PA nümayəndə heyətinin rəhbəri Lüsi Potuçkova bildirib.

DTİHB-nin seçkilər üzrə müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib ki, bu seçkilərdə əsl siyasi plüralizm olmayıb və müstəqil müşahidəçilər məhdudiyyətlərlə üzləşiblər.

“Prosesin səmərəliliyinə baxmayaraq, bu şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Biz bütün vətəndaşların rifahı naminə ümumi prosesi yaxşılaşdırmaq üçün uzun müddətdir davam edən tövsiyələrimizin həyata keçirilməsində hakimiyyət orqanlarına dəstək verməyə hazırıq”, –  Ditmir Buşati vurğulayıb.

İlkin rəydə qeyd edilib ki, seçkiöncəsi dövrdə 1197 şəxs namizədlik üçün imza vərəqlərini təqdim edib, 223 nəfər isə ya imza vərəqələrini doldura bilməyib, ya da namizədliklərini geri çəkib. MSK-nın verdiyi məlumata görə, 41 nəfərin namizədliyi oxşar imzalar səbəbindən qeydə alınmayıb. MSK-dan beynəlxalq müşahidə missiyasına bildirilib ki, imzalar əvvəlki seçkilərdə tətbiq edilən qaydalar üzrə yoxlanılıb. Halbuki Avropa İnsan Haqları Məhkəməsi imzaların bu cür yoxlanılmasını tənqid etmişdi.

Müşahidə missiyasının söhbətləşdiyi şəxslər bildiriblər ki,YAP imzatoplama kampaniyası aparmayıb, yerli dövlət müəssisələri, kommunal idarələr seçicilərin şəxsi məlumatlarını toplayaraq onlara təqdim ediblər.

24 nəfərin namizədliyi isə gəlir bəyannaməsini düzgün təqdim etmədiyinə görə qeydə alınmayıb. Beləliklə, 1052 namizəd qeydə alınıb. MSK-nın verdiyi məlumata görə 990 namizədin adı seçki bülltenlərində dərc olunub, bunun da 29,5 faizi qadınlar olub. Namizədlərin 305-i siyasi partiyalar, 684-ü isə müstəqil şəkildə namizədliyini irəli sürüb. 

450 potensial namizəd isə namizədliyini geri çəkib. Onların iddialarına görə, yerli icra hakimi orqanları DSK-lar və işəgötürənlər tərəfindən təhdid olunub. Namizədliyi qeydə alınmayanlar isə ailələri və bizneslərinə olan təhdiddən dolayı DSK-nın qərarlarından şikayət verməyiblər. 

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyən xarici müşahidəçilərin sayı 279 nəfər olub. 34 ölkədən gələn bu müşahidəçilərin 225-i DTİHB-ni, 54 nəfərdən ibarət nümayəndə heyəti isə  ATƏT PA-nı təmsil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun