Cəmil Həsənli: “Korrupsiyadan əl çəkmək əvəzinə, büdcə kəsirlərini xalqın hesabına doldurmaq istəyirlər”

Cəmil Həsənli: “Korrupsiyadan əl çəkmək əvəzinə, büdcə kəsirlərini xalqın hesabına doldurmaq istəyirlər” Foto: president.az
1 İyul 2024
Mətni dəyiş

Ekspert və siyasətçilər gözlənilmədən elan olunan nəqliyyat və yanacaq məhsullarının qiymətinin ictimai müzakirə aparılmadan təyin olunduğunu deyirlər

İyunun 30-da Azərbaycanda ictimai nəqliyyatdan istifadə, eləcə də müxtəlif növ yanacaq məhsullarının qiymətləri bahalaşıb. 

Tarif Şurasının məlumatında qeyd olunub ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manata çatdırılıb.

Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Əvvəl bu qiymət 40 qəpik idi. 

Rəsmi orqanlar qərarları keyfiyyətin artırılması və ölkənin AVRO-5 standartına keçməsilə əlaqəldirir. İqtisadçılar və siyasətçilər isə qiymət artımının arxasında büdcə kəsirlərinin doldurulması məqsədinin dayandığını deyirlər. 

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, büdcə daxilolmaları azaldığından, hökumət gəlirləri bu formada artırmağı düşünür. Onun fikrincə, qiymətlərin artması prosesi davam edəcək. 

“Yeni ilin büdcəsində kəsr yaranır və düşünürlər ki, çatmayan vəsaiti haradan götürək? Haradan götürülməsini razılaşdırdıqdan sonra deyirlər ki, gəlin, buna əsaslandırma fikirləşək. Hökumət büdcə gəlirlərini artırmaq istəyəndə ancaq bu ili düşünmür. Artıq əllərində gələn ilin dövlət büdcəsinin layihəsi var. Layihə hazırlananda baxıblar ki, çatışmazlıq var və düşünüblər ki, qiymətləri artırsınlar”.

Azərbaycanda yanacağın dövlət tərəfindən istehsal olunduğunu vurğulayan eksperin sözlərinə görə, hökumətin nə deməsindən asılı olmayaraq qiymət artımının ancaq bir səbəbi var:

“Büdcəyə əlavə pul qazandırmaq. Başqa səbəb yoxdur. İstəsək, bunu aşağı qiymətlə də edə bilərdik. İndi qiymətlər arta-arta gedəcək. Kiminsə başqa gözləntisi varsa, yanılır”, –  deyə Əkrəm Həsənov qeyd edib. 

Bahalaşma ilə bağlı qərarlar qeyri-iş günü və axşam saatında gözlənilmədən açıqlanıb

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə deyir ki, ölkədə seçki sistemi sıradan çıxdığından şəfafflıq və ictimai iştirakçılıq yox səviyyəsindədir. 

“Azərbaycanda Vətəndaş Cəmiyyəti də sıradan çıxarılıb. Hazırda fəaliyyət göstərənlər və qeydiyyata alınanlar ələbaxan “qonqo”lardır. Müstəqil olanlar isə qeydiyyatdan keçirilmirlər. Hətta nəinki qeydiyyatdan keçirmirlər, adamlar həbs olunur. Ölkədə 300-dən çox siyasi məhbus var ki, onların bir qismi də sivil toplum nümayəndələrdir”.

Siyasi şərhçinin sözlərinə görə, son illərin praktikası gösətirir ki, hökumət artıq  ictimai müzakirə aparmadan birbaşa qərarlar verir.

“Məsələn, parlament seçkiləri. Nəsə müzakirə oldumu? Qərar verdilər və daha sonra insanlara açıqladılar. Qiymət artımı məsələsini isə tamamilə qapalı saxlayırlar. Çünki bu, xalqın cibinə girmək, insanların güzəranına təsir etmək deməkdir. Qərar qəbul edirlər və sonra 3-4 adam çıxıb hökumət mediasında izah etməyə çalışır ki, bu lazım idi”, – deyə Azər Qasımlı bildirib. 

“Hökumət öz vətəndaşına bir az rəhm etməlidir”

Milli Şuranın sədri Cəmil Həsənli isə deyib ki, hökumət yaranmış büdcə kəsirlərini xalqın hesabına təmin etmək istəyir. 

Siyasətçi qarşıdakı günlərdə ciddi qiymət artımlarının müşahidə ediləcəyini deyir. 

“Bu ilin əvvəlindən büdcə daxilolmalarında ciddi azalma var. Hakim elita mənimsəmədən, korrupsiyadan əl çəkmək əvəzinə, büdcə kəsirlərini xalqın hesabına doldurmaq istəyir. Mən hesab edirəm ki, bir çox digər sahələrdə də qiymət artımı olacaq. Əməkhaqqıları, pensiyalar, müavinətlər artmır, qiymətlər isə yüksəlir. Azərbaycan neft və qaz ölkəsidir, hökumət öz vətəndaşına bir az rəhm etməlidir. Bu gün bu məhsulların insanlara baha satılmasının heç bir iqtisadi əsası yoxdur”, – deyə  siyasətçi bildirib. 

“Nə üçün məğlub Ermənistanda orta aylıq əmək haqqı qalib Azərbaycanda olduğundan yuxarıdır”

Cəmil Həsənli deyir ki, hazırki iqtidar ölkəyə şəxsi mülkiyəti kimi yanaşır, əhalinin həyat şəraiti isə yaxşı deyil: 

“Azərbaycanda Bakıdan kənarda ümumiyyətlə həyat yoxdur. Büdcə daxil olmalarının 92-93 faizi Bakıdan daxil olur və bu da neft hesabınadır. Faktiki olaraq Bakını çıxsaq, bütün ölkə datasiyaya oturub. Azərbaycan əhalisi ilə əsir götürülmüş əhali kimi rəftar edirlər. 

Qalib ordunun qalib qaziləri arasında intihar halları 100 nəfər ətrafındadır. Bu böyük faciədir. Hökumət hesabat vermir ki, nə üçün məğlub Ermənistanda orta aylıq və minimum əmək haqqı qalib Azərbaycanda olduğundan yuxarıdır. Ermənistanın qazı yox, təbii resursları yox. Bəs bunun düsturu nədir?” - deyə Cəmil Həsənli sual edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun