Fərid Mehralızadə 3 ay 20 günlük həbs edildi

Fərid Mehralızadə 3 ay 20 günlük həbs edildi
1 İyun 2024
Mətni dəyiş

“Abzas Media işi” üzrə saxlanılan iqtisadçı “qaçaqmalçılıq”da ittiham olunur

İyunun 1-də iqtisadçı ekspert Fərid Mehralızadə barəsində 3 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Abzas Media”ya onun həyat yoldaşı Nərgiz Muxtarova məlumat verib. O bildirib ki, həbs qətimkan qərarı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) təqdimatı ilə Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

“Fərid ittihamı qəbul etmir, həbsinin siyasi sifariş olduğunu deyir. Bildirib ki, zorakılıq olmayıb, sadcə pis rəftara məruz qalıb. Yoldan götürüləndə başına torba keçirib aparıblar. Fəridin “AbzasMedia” ilə heç bir əməkdaşlığı və əlaqəsi olmayıb”, – deyə Muxtarova bildirib.

“Abzas Media işi” üzrə saxlanılan iqtisadçı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

“Abzas Media”nın məlumatına görə, BŞBPİ-nin müstəntiqi məhkəmədə heç bir sübut təqdim etməyib. O, həbs təqdimatını əsaslandırarkən bildirib ki, Fərid Mehralızadə barəsində araşdırma aparıldığından, o, bu müddət ərzində həbsdə olmalıdır. Məhkəmə bir neçə dəqiqəlik tərəddüddən sonra təqdimatı təmin edib.

Fərid Mehralızadəni mayın 30-da, səhər saatlarında işə gedərkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb. Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının saxlanılmadığını, sadecə idarəyə dəvət olunduğunu açıqlayıb.

Fərid Mehralızadə hokümətə yaxın bir sıra mətbuat orqanları da daxil olmaqla, bir çox mediada ekspert kimi çıxış edib.  O, özünün “Çəpəki” teleqram kanalında günlük iqtisadi analizlər, araşdırmalar dərc edib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılan şəxslər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, ittihamların götürülməsinə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun