Culian Assanj Böyük Britaniyada azadlığa buraxılıb

Culian Assanj Böyük Britaniyada azadlığa buraxılıb Foto: NDTV
25 İyun 2024
Mətni dəyiş

WikiLeaksin qurucusu ABŞ-a ekstradisiyanın ləğvi müqabilində günahını qismən etiraf edib

London Ali Məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assanjı ABŞ-a ekstradisiyanın ləğvi müqabilində ittihamların qismən qəbul edilməsi haqda ilkin razılaşmadan sonra həbsdən azad edib. Bu barədə “WikiLeaks”in X sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Assanj 1901 gün keçirdiyi Belmarş yüksək təhlükəsizlik həbsxanasını tərk edərək Stansted hava limanına gedib və orada Böyük Britaniyadan Saipan adasına (Sakit Okeanın şərqindəki ABŞ ərazisi, Filippin yaxınlığında – red.) gedən təyyarəyə minib. Orada çərşənbə günü, iyunun 26-da, razılaşmanın şərtlərinə görə, Assanj 18 ittihamdan birində (milli müdafiə haqqında məlumat əldə etmək və ifşa etmək məqsədilə əlbir olmaq) günahını etiraf edəcək və bunun müqabilində azadlığa çıxacaq.

Məhkəmənin “WikiLeaks”in təsisçisinə 62 ay (beş il iki ay) həbs cəzası verəcəyi gözlənilir. NBC-nin verdiyi məlumata görə, Assanj artıq beş il Britaniya həbsxanasında qalıb və məhkəmə bu müddəti ümumi cəzadan çıxacaq. Bundan sonra o, azadlığa buraxılacaq və Avstraliyadakı evinə gedəcək.

2022-ci ilin iyununda Britaniyanın daxili işlər naziri Priti Patel Assanjın ABŞ-a ekstradisiyasını təsdiqləyib. Lakin “WikiLeaks”in təsisçisi London Ali Məhkəməsində bu qərara etiraz edib.

2024-cü ilin martında London Ali Məhkəməsi Assanjın ABŞ-a dərhal ekstradisiya olunmayacağına qərar verib və əlavə sənədlər tələb edib. Bununla da onun Böyük Britaniyada qalma müddəti uzadılıb.

“WikiLeaks”in qurucusuna qarşı ABŞ-da İraq və Əfqanıstandakı hərbi əməliyyatlar haqqında məxfi məlumatların dərci də daxil olmaqla, ümumilikdə 17 ittiham irəli sürülüb. Məlumatın sızmasını təşkil edən əsas şəxs əsgər Bredli (Çelsi) Menninq olub və “WikiLeaks” yalnız sənədləri dərc edib.

İttihama görə, Assanj “dəfələrlə öz mənbələrini, o cümlədən Menninqi məxfi məlumat əldə etməyə, onları oğurlamağa və dərc üçün “WikiLeaks”ə təqdim etməyə təşviq edib”.

İttiham tərəfinin fikrincə, Assanj öz nəşrində ABŞ-la əməkdaşlıq edən Əfqanıstan, İraq, Çin və İran vətəndaşları da daxil olmaqla “məlumat verənlərin və digər əlaqələrin adlarını ifşa edib” və bu, onlar üçün “ölüm təhlükəsi” yaradıb.

“WikiLeaks” nümayəndələri ittihamlara cavab olaraq bildiriblər ki, “bu, həm jurnalistikanın, həm də Birinci Düzəlişin məhvidir” (ABŞ Konstitusiyasına edilən Birinci Düzəlişdə söz azadlığından bəhs edilir və qeyd olunur ki, “Konqres söz və ya mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul etməməlidir” – red.).

İttihamların cəminə əsasən, Assanjı ABŞ-da 175 ilə qədər həbs gözləyir.

2010-cu ildə “WikiLeaks” ABŞ əsgərlərinin İraqda Reuters agentliyinin çəkiliş qrupunu güllələdiyini əks etdirən video yayımlayıb. 2011-ci ildə gizli Quantanamo həbsxanasında uşaqların da olduğu 800-ə yaxın məhbusun sənədləri dərc edilib. 2015-ci ildə sənədlər Amerika xüsusi xidmət orqanlarının aparıcı dünya siyasətçilərinə qarşı casusluq etdiyini üzə çıxarıb. 2017-ci ildə casusluq üçün telefonlar, antiviruslar və hətta televizorlardan istifadə edən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi bölməsi haqqında sənədlər dərc edilib. Bütün paylaşımlar həm mənbəyi, həm də məzmunu ilə bağlı beynəlxalq qalmaqallara və araşdırmalara səbəb olub.

Onun ABŞ-a ekstradisiya edilməməsini təmin etmək üçün Assanj bir neçə il məhbus kimi Ekvadorun Londondakı səfirliyində qalıb: ölkə ona müvəqqəti olaraq siyasi sığınacaq verib. Həmin müddətdə o, səfirlik ərazisini qətiyyən tərk edə bilməyib və zaman keçdikcə Ekvador hakimiyyəti ilə münasibətləri kəskin şəkildə pisləşib. Nəticədə 2019-cu il aprelin 11-də Britaniya polisi Ekvador diplomatlarının dəvəti ilə ora gedərək “WikiLeaks”in yaradıcısını səfirlikdəcə həbs edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun