Anti-korrupsiya təhsili almış nazir müavininin ailə biznesi

8 İyun 2024
Mətni dəyiş

İki illik təhsildən sonra müxtəlif ölkələrdən olan 22 tələbə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasından məzun olur.

“Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramının ilk məzunları arasında bir azərbaycanlı da var- Yalçın Rəfiyev. O da salonda yerini tutub çıxışçılara qulaq asır. Tədbirin fəxri qonağı, Beynəlxalq Cinayət Məhkəməsinin əvvəllər birinci prokuroru olan Luis Moreno Ocampo məzunlara deyir ki, korrupsiya ilə mübarizə aparanlar həmişə korrupsiyanı törədənlərdən daha ləng işləsələr də, onlara qarşı mübarizədə irəliləyişlər var. 

Məzun günündə müəllimləri gənc antikorrupsiya mütəxəsisslərinə işlərində uğurlar arzulayıb, onlardan böyük gözləntilərinin olduğunu deyirlər. Yalçın Rəfiyev də digər məzunlar kimi çıxışçıları alqışlayıb, tədbirin sonunda diplomunu alıb, akademiya ilə vidalaşır. 

Bəs gənc mütəxəssis akademiyada öyrəndiklərini daha sonra karyerasında necə tətbiq etdi?

Yalçın Rəfiyev Beynəlxalq Antikorrupsiya Akademiyasından məzun olmamışdan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif kiçik vəzifələrdə çalışıb. 2016-cı ildə  təhsilini başa vurandan sonra nazirliyin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi vəzifəsinə təyin edilib. Bunun ardınca Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub, nazirliyin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini postunu tutub. Rəfiyev 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi alıb və nəhayət 2023-cü ildə xarici işlər nazirinin müavini təyin olunub. 

Rəfiyev nazir müavini postuna gələndə onun qeydiyyatda olduğu mənzil artıq bir neçə şirkətin hüquqi ünvanı idi. Onun qeydiyyatda olduğu Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, ev 27, mənzil 102-də “MY VİNGS” və “Laguna Group” şirkətləri rəsmiləşdirilib. 

Kommersiya qurumlarının reyestr məlumatlarından aydın olur ki, “Laguna Group” MMC 2017-ci il fevralın 15-də təsis ediləndə, onun qanuni təmsilçisi Qarayev Ərtoğrul Hafiz oğlu olub. Ərtoğrul Qarayev xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin bibisi oğludur. Qarayev “Laguna Group” MMC-dən 2-gün əvvəl yaradılan “Lagona” MMC-nin də hüquqi təmsilçisi olub. Ancaq “Lagona” MMC 2019-cu ildə ləğv olunduğunu elan edib. Laguna Group” MMC isə fəaliyyətini davam etdirib. Daha sonra şirkətin qanuni təmsilçisi Ramil Əsgərov olub. 

“Laguna Group” MMC-dən öyrəndik ki, şirkət “Laguna Travel” brendi altında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi sənədlərində göstərilir ki, “Laguna Travel” brendi də “Laguna Group” MMC ilə eyni ünvanda, yəni, Yalçın Rəfiyevin qeydiyyatda olduğu mənzildə rəsmiləşdirilib. Brendi rəsmiləşdirən isə Yalçın Rəfiyevin qardaşı Müzadil Rəfiyevdir. 

Nazir müavinin qeydiyyatda olduğu ünvanda rəsmiləşdirilən "MY VİNGS” MMC-nin də hüquqi təmsilçisi Müzadil Rəfiyevdir. Şirkət turizm və aviabiletlərin təşkili xidmətini göstərib. "MY VİNGS” MMC-nin hazırda fəaliyyət göstərib-göstərmədiyi aydın olmasa da, dövlət qeydiyyatı qalmaqdadır. 

Nazir müavininin qardaşı Müzadil Rəfiyev həm də 2020-ci ildə yaradılan “Aqroman” MMC-nin qanuni təmsilçisidir. Şirkətin rəsmi saytında qeyd olunur ki, onlar sənaye və mülki obyektlərin tikintisi, tarixi binaların bərpası və bu qəbildən olan digər işləri görürlər.  

Şirkətin icra etdiyi layihələrdən aydın olur ki, “Aqroman" MMC əsasən prezident İlham Əliyevin ailəsinə məxsus “PMD Group” ilə birlikdə işləyir.  

"Dövlət satınalmaları haqqında" Qanunun 23-cü  maddəsində qeyd olunur ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması əsas şərtdir.

Açıq mənbələrdə işçilərinin sayı, daxili resursları barədə heç bir məlumat olmasa da, “Laguna Group” və "Aqroman" şirkətləri dövlət satınalmalarından da öz nəsiblərini alıblar. 

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2023-cü ilin oktyabrında “Şuşa simpoziumu" tədbirinin təşkili üçün  “Laguna Group” şirkətilə dəyəri 134 min 979 manat olan satınalma müqaviləsi imzalayıb. Şirkət bu məbləğlə simpoziuma gələcək memarların aviabiletlərini təşkil edib, hoteldə qonaqlama xidmətləri verib. 

Bununla bərabər, Müzadil Rəfiyevə aid "Aqroman" şirkəti də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 2023-cü ildə keçirdiyi tenderlərin qalibi olub. 

İdarə 2023-cü ilin fevralında Şuşa şəhərində qəzalı vəziyyətdə olan binaların söküntüsü və tullantıların daşınması işləri üçün "Aqroman" və "Rapid Services Azerbaijan" MMC-ə ümumilikdə 1 milyon 349 min 848 manat ödəyib. Oktyabrda isə eyni xidmətləri göstərmək üçün "Aqroman" şirkətinə 993 min 877 manat ödənilib.

Qarabağda qızğın bərpa işlərinin getdiyi bir dövrdə Azərbaycan həvəslə BMT-nin ən böyük tədbirlərindən biri olan İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməyə hazırlaşır. Rəfiyev COP-29 kimi tanınan və bu ilin noyabrında Bakıda keçiriləcək konfransın Baş danışıqçı təyin edilib. Ancaq rəsmi məlumatlardan aydın olur ki, Yalçın Rəfiyevin ailə şirkətlərindən biri ekoloji pozuntuya görə cərimələnib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin yaydığı məlumatda bildirilib ki, "Aqroman" şirkəti Şuşada ağacları qanunsuz şəkildə köçürüb. Oktyabrın 12-də faktla bağlı akt, protokol tərtib olunub və müvafiq tədbirlər görülüb. 

Ancaq bu tədbirlər də "Aqroman" MMC-nin Qarabağdakı işlərini axsatmayıb. Belə ki, 2023-cü ilin dekabrında "Aqroman MMC” Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi-nin elan etdiyi satınalma üzrə qalib olub. 745 min 730 manat maliyyə dəyəri olan tender üzrə şirkət Ağdam şəhərində yenidən qurma işləri çərçivəsində söküntü işləri aparıb.

Yalçın Rəfiyev öz qazancından ekologiyaya töhvə verilməsi üçün də istifadə edib. Belə ki, o, "Yaşıl Gələcək' layihəsi çərçivəsində ağacəkmə kampaniyasına dəstək olaraq cəmi 5 manat ianə edib. (Screeni var atıram)

Nazir müavininin qeydiyyatda olduğu mənzildə, ailə üzvlərinin və yaxınlarının adına rəsmiləşdirilən şirkətlər isə təkcə Qarabağda həyata keçirilən dövlət satınalmarı üzrə ümumi dəyəri 3 milyon 224 min manatdan çox olan 4 tender müqaviləsinin qalibi olub.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinin 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedoqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.  

Azərbaycan Xarici İşlər Nazirliyi isə qeyd olunan şirkətlərin Yalçın Rəfiyevlə əlaqəsinə və Rəfiyevin şirkətlərin tenderlərdə qalib gəlməsində rolunun olub-olmamasına dair sualları cavablandırmayıb. 

“Aqroman” MMC-nin direktor müavini Ramin Əliyev Abzas Media-ya bildirib ki, o, 2011-ci ildən bizneslə məşğul olur və şirkətin Yalçın Rəfiyevlə heç bir əlaqəsi yoxdur: 

“Şirkətlə Yalçın Rəfiyevin heç bir əlaqəsi yoxdur. Tender nəticələrinə müdaxilə etmək mümkün deyil, onun nəticəsini Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi təsdiq edir. Hər şey şəffafdır. Qarabağ azad olunandan şirkət bu istiqamətdə fəaliyyət göstərir”. 

Daha sonra isə “Aqroman MMC”-nin təsisçisi və “Laguna Group” MMC-nin həmtəsisçisi, nazir müavinin qardaşı Müzadil Rəfiyev Abzas Media ilə əlaqə saxlayaraq, şirkətlərin Yalçın Rəfiyevlə heç bir əlaqəsinin olmadığını deyib.

Müzadil Rəfiyev bildirib ki, Yalçın Rəfiyev Əcəmi Naxçıvani ev 27, mənzil 102 ünvanında yaşamır, “Laguna Group” MMC-ni bir dostu ilə birlikdə, "Aqroman" MMC-ni isə təkcə özü təsis edib. 

“Bəs o ünvanda yaşamırsa, niyə orada qeydiyyatdadır?” sualımıza Müzadil Rəfiyev belə cavab verib: "Yaşadığı evin kupçası hələ hazır olmadığına görə, qeydiyyata düşə bilmir".

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına müraciət etməlidir. Nazir müavinin bu pozuntuya görə məsuliyyətə cəlb olunub-olunmaması isə məlum deyil. 

Müzadil Rəfiyevə dövlət satınalmalarında iştirakla bağlı sual veriləndə isə aydın olub ki, bir sıra satıanalma müqavilələri tender keçirilmədən imzalanıb. 

"Dövlət satınalmaları haqqında" Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

Rəsmi qurumların Müzadil Rəfiyevin özünün də etiraf etdiyi satınalma pozuntuları ilə bağlı hansısa tədbirlər görüb-görnəməsi isə məlum deyil. 

Ancaq məlum olan odur ki, Yalçın Rəfiyevin ailə şirkətləri dövlət satınalmalarından milyonlarla vəsait götürsə də, heç bir hüquqi araşdırmaya məruz qalmayıb. Əksinə, diplomat kimi fəaliyyətini irəlilədib və COP 29-un Baş danışıqçısı təyin edilib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun