Məhkəmə xərçəng olması ehtimalına rəğmən Ələsgər Məmmədlini həbsdə saxlayıb

Məhkəmə xərçəng olması ehtimalına rəğmən Ələsgər Məmmədlini həbsdə saxlayıb Foto: İctimai TV
24 May 2024
Mətni dəyiş

DİN media təsisçisinin sağlamlığı ilə bağlı tədbirlər görüləcəyinə söz versə də, ümumi müayinədən başqa heç bir addım atılmayıb

Mayın 24-də “Toplum TV”nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

Yaxınları Ələsgər Məmmədlinin səhhətində ciddi problem olduğunu deyirlər. Belə ki, onun qalxanabənzər vəzisində şiş var və həcmi getdikcə böyüyür. Ə.Məmmədli bildirir ki, o, artıq nəfəs almaqda çətinlik çəkir.

Bütün bunları əsas gətirərək, media təsisçisinin vəkilləri bundan əvvəl də onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Ancaq müstəntiq Ələsgər Məmmədlinin tibbi ehtiyacları ilə bağlı addımlar atıldığını bildirdiyindən, vəsatət geri götürülüb. Sonradan isə o, Daxili İşlər Nazirliyinin hospitalında müəyyən müayinələrdən keçirilsə də, əsas tələb olunan biopsiya müayinəsinə “ehtiyac duyulmayıb” və müvafiq olaraq müalicəsi üçün də heç bir addım atılmayıb. Onun qalxanabənzər vəzisində formalaşmış şişin bədxassəli olub-olmadığını isə yalnız biopsiya müayinəsilə müəyyən etmək mümkündür.

Buna görə də vəkillər biopsiya müayinəsinin və effektli müalicənin özəl klinikalarda aparılması üçün Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Bundan əvvəl də Azərbaycanda müxtəlif ağır xəstəliklərinə rəğmən həbsdə saxlanılan şəxslər olub. Onlardan AXCP üzvü Elnur Fərəcov və partiya sədrinin müavini Gözəl Bayramlı azadlığa çıxdıqdan çox qısa müddət sonra vəfat ediblər.

Martın 6-da Bakıda polis müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı əməliyyat keçirib. İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb və ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Martın 8-də saxlanılan Ələsgər Məmmədli də daxil olmaqla 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin media qurumunun peşə fəaliyyətilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun