Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir Foto: Report
13 May 2024
Mətni dəyiş

Azərbaycanda hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdıqları şəxslərin ağır xəstəliklərinə rəğmən həbsxanada normal müalicə ilə təmin olunmadıqlarına dair çox sayda faktlar var

Müstəqil internet televiziyası "Toplum TV"nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli məlumat yayıb. O bildirib ki, Ələsgər Məmmədlinin səhhəti səsindən hiss olunacaq qədər pisləşib:

"Bu gün Ələsgər bəylə telefon danışığımız oldu. Səsində hiss ediləcək dərəcədə ciddi dəyişiklik var. Səbəbi məlum olduğu kimi qalxanabənzər vəzidəki şişlə bağlıdır. Ölçülərdə böyümələr var və bu da səs tellərinə təsir edir. Üç həftədir ki, edilən müayinələrdən cavab yoxdur", - deyə Günay Məmmədli bildirib.

Aprelin 26-da Ələsgər Məmmədli Daxili İşlər Nazirliyinin Hospitalında müayinə olunub və qan analizləri götürülüb. Sonra yenidən təcridxanaya qaytarılıb. Aparılan yoxlamaların nəticələrilə bağlı nə Məmmədlinin özünə, nə də vəkilinə məlumat verilib.

Ondan əvvəl aprelin 24-də isə Bakı şəhər Xətai Rayon Məhkəməsində Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə əlaqədar iclas keçirilib. Vəkil vəsatəti geri götürüb.

"İstintaq Ələsgər Məmmədlinin səhhətilə bağlı bütün məsələləri üzərinə götürdü və biz önümüzdəki günlərdə nələr etdiklərini müşahidə edəcəyik", - vəkil Aqil Layıc bildirib.

Ələsgər Məmmədli və yaxınları onun qalxanabənzər vəzisində şiş olduğunu və şişin getdikcə böyüdüyünü deyirlər.

Bundan əvvəl də Azərbaycanda müxtəlif ağır xəstəliklərinə rəğmən həbsdə saxlanılan şəxslər olub. Onlardan AXCP üzvü Elnur Fərəcov və partiya sədrinin müavini Gözəl Bayramlı azadlığa çıxdıqdan çox qısa müddət sonra vəfat ediblər.

Martın 6-da Bakıda polis müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı əməliyyat keçirib.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb və ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Martın 8-də saxlanılan Ələsgər Məmmədli də daxil olmaqla 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun