Ruslan İzzətlinin səhhəti pisləşib, qanda şəkər və yağlılıq normadan yüksəkdir

Ruslan İzzətlinin səhhəti pisləşib, qanda şəkər və yağlılıq normadan yüksəkdir Foto: Gözətçi
14 May 2024
Mətni dəyiş

III Respublika Platforması İdarə Heyətinin həbsdə olan üzvü Ruslan İzzətlinin səhhətinin pisləşdiyi bildirilir.

“Abzas Media”ya bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat verib. O bildirib ki, İzzətlinin qan analizləri şəkər və xolesterinin səviyyəsinin yüksəldiyini göstərib.

Analizlərin nəticələrinə baxan tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Ruslan İzzətlinin vəziyyəti nəzarətdə saxlanılmalıdır:

"Şəkəri var, acqarına şəkəri normadan yüksəkdir. Eyni zamanda qanda yağlılıq da yüksəkdir. Belə vəziyyətdə təzyiq yüksək olur. Gələcəkdə ürək xəstəliyi də ola bilər. Öd kisəsində də daş var. Qidasına diqqət etməlidir. Hər halda saxlanıldığı təcridxanada ona müalicə yazılmalıdır.

Müalicə müəssisəsinə köçürülə və ya elə təcridxananın özündə də müalicə oluna bilər. Ancaq hələ gəncdir, xəstəlik inkişaf etdikcə, gələcəkdə damarlarında daralma baş verə bilər. Qidasını gözləməli və çox hərəkət etməlidir", - deyə həkim bildirib.

Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi isə bir qayda olaraq həbs edilən şəxslərin səhhətlərilə bağlı sualları cavablandırmır. Hər iki qurum bundan əvvəl "Abzas Media"nın bu mövzuda sorğusunu cavabsız qoyub.

Martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyat keçirib.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb və ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Martın 8-də saxlanılan Ruslan İzzətli də daxil olmaqla yeddi nəfər barəsində həbs qətimkan tədbiri seçilib, daha iki nəfər isə polisin nəzarətinə verilib.

“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun