Avropa İttifaqının Diplomatik Xidməti: “Azərbaycanda siyasi motivli həbslərin narahatedici artımı müşahidə olunur”

Avropa İttifaqının Diplomatik Xidməti: “Azərbaycanda siyasi motivli həbslərin narahatedici artımı müşahidə olunur” Foto: Shutterctock
29 May 2024
Mətni dəyiş

Avropa İttifaqının Diplomatik Xidməti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mayın 29-da bəyanat yayıb.

Bəyanat Azərbaycan prezidenti İlham Əliyevin mayın 25-də imzaladığı əfv sərəncamı ilə bağlıdır.

Sənəddə qeyd edilib ki, ötən illərdən fərqli olaraq bu il prezidentin sərəncamı əsasında əfv edilən 154 məhkumun adının olduğu siyahıya fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslərin adları daxil edilməyib.

“Son aylar Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə “Abzas Media”, “Toplum TV”, “Kanal 11” və “Kanal 13” kimi müstəqil media orqanları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əməkçi haqları qrupları və digər təşkilatlar, o cümlədən Demokratik Təşəbbüslər İnstitutu hədəfə alınıb. Onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb”, – deyə sənəddə bildirilib.

Avropa İttifaqının bəyanatında Azərbaycan hakimiyyəti əsas hüquqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şərait yaratmağa, o cümlədən onların səhiyyə və müstəqil hüquq xidmətlərinə tam çıxışını təmin etməyə çağırılıb.

“Bizi xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin sağlamlıq vəziyyəti narahat edir. Azərbaycan hakimiyyətinə cənab İbadoğlunun təcili ehtiyacı olan müalicəni alması üçün səyahət qadağasını ləğv etməyə çağırışımızı bir daha təkrar edirik”, – deyə sənəddə qeyd edilib.

Bildirilib ki, Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransının (COP 29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır.

“COP 29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərait yaratmaq imkanıdır. Bu, həm də 2021-ci ilin dekabrında Şərq Tərəfdaşlığı Sammiti Bəyannaməsində qeyd edildiyi kimi, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü olaraq öhdəliklərinə uyğundur.

Avropa İttifaqı bəyanatın sonunda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiq olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun