Jurnalistləri Müdafiə Komitəsi “Abzas Media” jurnalistlərinin həbsinin uzadılmasını pisləyib

Jurnalistləri Müdafiə Komitəsi “Abzas Media” jurnalistlərinin həbsinin uzadılmasını pisləyib
18 Mart 2024
Mətni dəyiş

Azərbaycan məhkəmələri “Abzas Media”nın 6 əməkdaşının həbs müddətini uzadıb

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) cümə günü Azərbaycanda korrupsiyaya araşdırmaları ilə tanınan “Abzas Media” müstəqil onlayn nəşrinin altı əməkdaşının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarlarını pisləyib.

“Azərbaycanda tənqidi jurnalistləri silib-süpürüb həbs etdikləri bir vaxtda “Abzas Media” əməkdaşlarının həbs müddətinin uzadılması ilə bağlı son qərar hakimiyyətin ən yaxşı və ən parlaq jurnalistləri həbs etməklə senzuralamaq əzmini nümayiş etdirir”, - CPJ-nin Nyu Yorkdakı Avropa və Mərkəzi bölməsinin Asiya proqramının koordinatoru Gülnoza Səid bildirib.

“Azərbaycan hökuməti “Abzas Media” əməkdaşlarına qarşı bütün ittihamları dərhal ləğv etməli, haqsız yerə həbs olunan bütün jurnalistləri azad etməli və müstəqil mətbuata qarşı təzyiqlərə son qoymalıdır”, - deyə o əlavə edib.

Komitənin müraciətində qeyd olunur ki, valyuta qaçaqmalçılığı ilə bağlı cinayətdə ittiham edilən altı jurnalist təqsirli bilinərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən, səkkiz ilədək həbs cəzası gözləyir.

KİV-də və “Abzas Media”nın “Facebook” səhifəsində dərc edilən məlumata görə, paytaxt Bakının Xətai Rayon Məhkəməsi martın 14-də və 15-də keçirilən ayrı-ayrı məhkəmə iclaslarında media orqanının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və layihə rəhbəri Məhəmməd Kəkalovun həbs müddətini üç ay uzadıb.

Son həftələrdə məhkəmələr həmçinin “Abzas Media”nın digər üç jurnalistinin həbs müddətini də üç ay uzadıb. Dekabr və yanvar aylarında həbs edilən Hafiz Babalı və Elnarə Qasımova ilə bağlı martın əvvəlində, noyabrda həbs edilən Nərgiz Absalamova barəsində isə fevralda müvafiq qərarlar çıxarılıb.

Komitənin bəyanatında qeyd edilib ki, yüksək rütbəli dövlət məmurlarının korrupsiya əməllərini araşdıran “Abzas Media”ya qarşı təzyiqlər noyabr ayında polisin media orqanının ofisinə basqın etməsi və əməkdaşlarını qeyri-qanuni olaraq Qərb donorlarının pullarını Azərbaycana gətirməkdə ittiham etməsi ilə başlayıb.

“Abzas Media” bəyan edib ki, həbslər “prezidentin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar apardığı” üçün prezident İlham Əliyevin media orqanına təzyiqinin tərkib hissəsidir.

Nəşr Avropada yeni komanda ilə və həbsdə olan jurnalistlərin işini təqib edən Paris mərkəzli “Forbidden Stories” təşkilatının dəstəyi ilə fəaliyyətini davam etdirir”, – Komitənin bəyanatında bildirilib.

Qeyd edilib ki, “Abzas Media”nın əməkdaşları Azərbaycanla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda hazırda bu ölkədə həbsdə olan üç müstəqil media orqanının 10-dan çox jurnalisti arasındadır.

Martın əvvəlində polis “Toplum TV”nin ofisinə basqın edib və məhkəmə təsisçi Ələsgər Məmmədli və redaktor Müşfiq Cabbarın valyuta qaçaqmalçılığı ittihamı ilə 4 ay müddətinə həbs olunmasına qərar verib.

“Kanal 13”ün direktoru Əziz Orucov və müxbir Şamo Eminov eyni ittihamlarla müvafiq olaraq noyabr və dekabr ayından həbsdədirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun