Həbsdə olan jurnalist Əziz Orucov tibb müəssisəsinə köçürülüb

Həbsdə olan jurnalist Əziz Orucov tibb müəssisəsinə köçürülüb
18 Mart 2024
Mətni dəyiş

Həyat yoldaşı: “Görüşdə olanda əllərini cibində gizlədirdi ki, biz görməyək”

Ötən ilin noyabrında həbs edilən “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun tibb müəssisəsinə köçürüldüyü bildirilir. Bu barədə məlumatı onun həyat yolaşı Lamiyə Çerpanova "Facebook" hesabında yayıb.

O bildirib ki, həyat yoldaşı uzun müddətdir nevroloji problemlərdən əziyyət çəkir:

"Nəfəs darlığı yaşayır, əsəbdən əlləri əsirdi. Görüşdə olanda əllərini cibində gizlədirdi ki, biz görməyək. Martın 15-də vəziyyəti yenidən pisləşib. Səhəri isə təcili tibb müəssisəsinə köçürülüb", - deyə o qeyd edib.

Penitensiar Xidmət həbs edilən şəxslərin və məhkumların səhhətilə bağlı sualların Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə verilməli olduğunu bildirir. İdarədən isə bu şəxslərlə bağlı məlumatları ancaq onların yaxınlarına verə biləcəklərini qeyd edirlər.

Əziz Orucov ötən ilin noyabrından başlayan kütləvi jurnalist həbsləri fonunda saxlanılıb. Noyabrın 27-dən həbsdə olan jurnalistin barəsində əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Sonradan ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Kanalın daha bir əməkdaşı da qaçaqmalçılıq ittihamı ilə saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Fevralın 21-də Əziz Orucovla bağlı 3 aylıq həbs müddəti daha 1 ay uzadılıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları jurnalist həbslərini pisləyib və onları dərhal azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun