Azərbaycanda ofisi olan cəmi bir yerli müstəqil media qalıb

Azərbaycanda ofisi olan cəmi bir yerli müstəqil media qalıb Foto: Mikroskop Media
14 Mart 2024
Mətni dəyiş

Mehman Əliyev: “Mən “Turan”ın da bağlanmasını gözləyirəm, cəhd edə bilərlər”

Azərbaycanda kütləvi jurnalist həbslərinin fonunda indi ən çox danışılan məsələlərdən biri də “növbədə” kimlərin olmasıdır. İctimaiyyət nümayəndələri həbsləri kütləvi repressiya hesab edir və daha da genişlənəcəyini düşünürlər.

Vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı jurnalist araşdırmaları aparan “Abzas Media”dan sonra ölkənin əsas müstəqil və təndiqçi medialarından biri hesab olunan “Toplum TV” redaksiyasının möhürlənməsi, əməkdaşlarının həbsi medianın gələcəyilə bağlı nikbinliyi azaldıb.

2024-cü il 14 mart. Hazırda ölkədə ofisi mövcud olan yeganə yerli müstəqil media olaraq Turan İnformasiya Agentliyi qalıb. Ancaq agentliyin direktoru Mehman Əliyev deyir ki, onun da gələcəklə bağlı gözləntiləri müsbət deyil:

“Müstəqil medialardan “Turan”, “Azadlıq Radiosu”, “Amerikanın Səsi” (son ikisi beynəlxalq mediadır – red.). Yəni demək olar ki, heç nə qalmayıb. İndi baxaq görək, biz dözə biləcəyik, ya yox? Mən “Turan”ın da bağlanmasını gözləyirəm, cəhd edə bilərlər. Çətindir”, – Mehman Əliyev belə deyir.

  • Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 151-ci – Sudan və Liviyadan sonra Pakistanla Əfqanıstanın arasında qərarlaşıb.

Mehman Əliyev özü də 2017-ci ildə həbs edilib. Həbsindən sonra “Turan” fəaliyyətini dayandırdığını elan edib. Vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan Əliyev 20 gün keçməmiş azadlığa buraxılıb, rəhbərlik etdiyi agentlk fəaliyyətini bərpa edib.

Mehman Əliyev deyir ki, hazırda hökumətin əsas məqsədi Azərbaycanda müstəqil medianın olmamasıdır. Çünki bu media orqanları ictimai nəzarəti həyata keçirir. Hökumət də istəyir ki, fəaliyyətinin üzərində heç bir ictimai nəzarət olmasın.

“Həm “Abzas Media”, həm də “Toplum TV” son zamanlar tənqidçi alternativ fikir meydanı kimi çox vacib rol oynayırdılar. Hökumət uzun illər bu cür mediaları sıradan çıxarıb və fəaliyyətini yolverilməz hesab edib. Ona görə, bütün bunlar gözlənilən idi.

Müstəqil medianın sıradan çıxarılması, hakimiyyət üzərində nəzarət olmaması xeyli siyasi və iqtisadi problemlərə səbəb olub. İqtisadi, sosial durum çox pisdir. Bu böhranlı vəziyyətdən çıxmaq üçün media ilə dialoqa başlanılması və Azərbaycanda medianın, vətandaş cəmiyyətinin fəaliyyət göstərməsi üçün lazımlı addımlar atılmalıdır. Bu çox vacibdir. Bu olmasa, rifah, sosial-siyasi stabillik təmin oluna bilməz”, – Mehman Əliyev belə düşünür.

  • Bir sıra Qərb ölkələrinin xarici işlər nazirliklərinin, insan hüquqları və media təşkilatlarının, Aİ-nin, ATƏT-in, AŞ-ın çağırışlarına baxmayaraq, həbslər artan xətlə davam edir

Azərbaycanda cinayət təqibinə məruz qalan medialardan biri də “Meydan TV”dir. 2016-cı ildə Baş Prokurorluğun keçmiş Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılan cinayət işində 15-dən çox jurnalistin adı keçirdi.

Ofisi Almaniyada olan medianın redaktoru Aynur Elgünəş deyir ki, hakimiyyət ölkədə müstəqil adında heç nəyin olmamasını istəyir. “Nəinki qurum, heç müstəqil insan da olmasın”.

Onun fikrincə, idarə olunan media isə o deməkdir ki, ölkədə baş verən heç bir problem, neqativ hal işıqlandırılmayacaq.

“Hətta məhkəmələr, tədbirlər belə müəyyən qurumların redaktəsindən sonra yayımlanır. Təsəvvür edin, jurnalist yazısını redaktora yox, hansısa güc strukturunun mətbuat xidmətinə göndərir, onlar oxuyub düzəliş edirlər, sonra dərcə verilir. Yəni redaktorun ixtiyarı yoxdur ki, rəhbərlik etdiyi saytdakı yazıda bir cümləni dəyişsin. Görmürsüzmü, siyasi yüklü məhkəmə proseslərinin heç birindən olduğu kimi reportaj verilmir. İttiham aktını köçürürlər, proses keçirildi deyirlər, vəssalam.

Zərdüşt Əlizadə demiş, rəiyyətin beynini ütüləməklə məşğuldurlar. Hər kəs öz dərdində boğulsun, AzTV-lərdə digər ölkələrdəki fəlakətlərə baxıb hallarına şükr etsinlər. Müstəqillik qazanmağımız bizi nəinki Rusiyadan qopara bildi, əksinə, onun kopyasını çəkməyə başlamışıq”, – deyə Aynur Elgünəş bildirir.

Uzun illərdir yerli mətbuatda çalışan Aynur Elgünəş deyir ki, “Abzas Media” və “Toplum TV”də aparılan polis əməliyyatları dərin boşluq və ruh düşkünlüyü yaradıb. Baş verənlərin hakimiyyət mediasına da təsirsiz ötüşməyəcəyini düşünən jurnalistin fikrincə, repressiyalar davam edəcək.

“Bütün şüurlu cəmiyyət üçün aydındır ki, ölkə olaraq qapanmaya doğru gedilir və bu, zamanla hətta hakimiyyət mediasına da təsirsiz ötüşməyəcək. 10 il əvvəl yaşananlar təkrarlanır. Zaman keçdikcə, hökumət bir-birini təkrarlayan media qurumlarına pul ayırmağı artıq iş biləcək və dayandıracaq. Bir sözlə, müstəqil qurumların çoxluğu şəffaflıqdır, rahatlıqdır.

Siyasətçilər “narkoman”, müstəqil jurnalistlər də “qaçaqmalçı” ittihamı ilə damğalanır. Yəqin ki, bütün müstəqil quruluşlar silkənlənəcək. Ola bilsin ki, hakimiyyət bundan istifadə edib Qərblə alverə getsin, hər halda bəzi ekspertlər bu qənaətdədir”, – deyə o qeyd edir.

Fevralın 28-də ölkə başçısı İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. O, görüşdə bildirib ki, Azərbaycanda əsassız həbslərin olması ilə bağlı deyilənlər yalandır:

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyə o bildirib.

“Toplum TV işi”

Martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyata başlayıb. Elə həmin gün Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, daxil olmuş məlumat əsasında “Toplum TV” redaksiyasında və başqa ünvanlarda axtarış keçirilir.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb. Əksəriyyəti buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, polis nəzarətinə buraxılıblar.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

“Abzas Media işi”

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan onların həbs müddəti uzadılıb.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edir və Azərbaycan  hökumətini jurnalistləri dərhal azad etməyə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun