Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azadlıqdan məhrum edilib

Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azadlıqdan məhrum edilib Foto: Amerikanın Səsi
26 Fevral 2024
Mətni dəyiş

Fevralın 26-da “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya və “Səda” internet kanalının əməkdaşı Elnur Şükürova hökm oxunub. 

“Abzas Media”nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun çıxardığı hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azaqdlıqdan məhrum edilib. 

Müdafiə çıxışlarından əvvəl ittiham tərəfi Əvəz Zeynallıya 10 il, Elnur Şükürova isə 5 il həbs verilməsini istəmişdi. Əvəz Zeynallı 2022-ci ilin sentyabrının 10-da, Elnur Şükürov isə bundan 3 gün sonra saxlanılıb.

Zeynallı əvvəlcə “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunsa da, sonradan işə başqa rüşvət alma ittihamları də əlavə edilib. 

Jurnalist ümumilikdə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci, 311.3.3-cü və 311.3.4-cü (rüşvət alma külli miqdarda təkrar törədildikdə - ağırlaşdırıcı hallarda rüşvət alma) 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) ittihamları üzrə istintaqa cəlb olunub. 

Elnur Şükürov isə qeyd olunan maddələrdən yalnız 178.2.1-ci, 32.4, 312.2-ci və 312-1.1-ci maddələri üzrə ittiham olunur. O, Əvəz Zeynallı əleyhinə ifadə vermədiyinə görə həbs edildiyini bildirib.

Hər iki jurnalist ittihamları rədd edir, həbslərini peşə fəaliyyətlərilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun