İsveçrəli deputat seçkini müşahidə etməyə buraxılmadı

İsveçrəli deputat seçkini müşahidə etməyə buraxılmadı Foto: Basler Zeitung
5 Fevral 2024
Mətni dəyiş

Fevralın 3-də ATƏT-in müşahidəçisi kimi Bakıya gələn isveçrəli deputat Nik Gugger Bakıda saxlanılaraq deportasiya edilib.

Bu haqda məlumatı "Blick"nəşri yayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycan missiyasının sözçüsü Katya Andrusz məlumatı "Abzas Media"ya təsdiqləyib:

“DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiya çərçivəsində gələn Nik Guggerin ölkəyə girişinə icazə verilməyib. Səbəbi barədə hazırda məlumatımız yoxdur, lakin biz yerli hakimiyyət orqanlarına müraciət etmişik və cavab gözləyirik" .

Sözçünün bildirdiyinə görə, ATƏT-in müşahidə missiyası çərçivəsində seçki keçirilən ölkəyə gələn müşahidəçilərin ölkəyə buraxılıb-buraxılmamasında DTİHB-nin rolu yoxdur.

"Bu qərar müşahidəçini ezam edən ölkə ilə ev sahibi ölkə arasında ikitərəfli məsələdir”, – deyə Katya Andrusz cavabında vurğulayıb.

Gugger "Blick" nəşrinə deyib ki, Heydər Əliyev adına Hava Limanında onu formada olan polis əməkdaşları saxlayıblar. 

“Mən ATƏT-in müşahidə missiyasının rəsmi üzvü kimi Azərbaycana getmişdim. Saxlayıb sənədlərimi aldılar. 3 saat orda qaldım, ölkəyə buraxmadılar. Daha sonra təyyarə ilə İstanbula göndərildim. Sənədlərimi ancaq orda ala bildim. Çox təəssüfedici idi. Azərbaycan rejiminin bir müşahidəçi missiyasını bu qədər rədd etməsi gərginliyin növbəti mərhələsidir. Bu skandaldır, 30 saatdan çoxdur yatmıram” – deyə Gugger bildirib.

"Blick" yazır ki, Nik Guggerlə birlikdə gələn digər ATƏT müşahidəçiləri problem yaşamadan ölkəyə keçə biliblər. 

“Hadisə həmin gün səhər saatlarında İsveçrənin xarici işlər naziri İqnazio Kassisə bildirilib. Diplomatik kanallarla işə müdaxilə etməyə çalışılır”, – deyə nəşr yazıb.  Deputatın deportasiya olunmasının səbəbi hələlik açıqlanmır. 

Qeyd edək ki, Gugger Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvüdür. AŞPA Azərbaycan nümayəndə heyətinin təşkilatdakı səlahiyyətləri 1il müddətinə məhdudlaşdırılıb. Bunun səbəblərindən biri də Azərbaycanın AŞPA-nın müşahidə missiyasını prezident seçkilərini müşahidə etməyə dəvət etməməsi olub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 335 müşahidəçisi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək. Onlar arasında 256 nəfəri ekspert, ATƏT tərəfindən göndərilən uzunmüddətli və qısamüddətli müşahidəçilər, ATƏT PA-dan isə 79 müşahidəçi yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun