ADR Partiyasının funksionerinin oğlu həbs edilib

ADR Partiyasının funksionerinin oğlu həbs edilib Foto: Modern az
12 Fevral 2024
Mətni dəyiş

Xəyyam Çələbi: “Mən Qarabağ müharibəsi əliliyəm, buna görə mənə cəza verə bilmirlər, təzyiq kimi oğlumu cəzalandırırlar”

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Səbail rayon təşkilatının sədri Xəyyam Çələbinin oğlu Əyyub Çələbi həbs edilib.

Bu barədə məlumatı ilk olaraq Xəyyam Çələbi özü “Facebook” hesabında yayıb. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı “Report”a təsdiqləyib.

DİN rəsmisi Əyyub Çələbinin nəyə görə həbs olunduğunu və nədə ittiham edildiyini deməsə də, məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası aldığını bildirib.

Əyyub Çələbinin atası Xəyyam Çələbi deyir ki, oğlunu onun siyasi fəaliyyətinə görə həbs ediblər:

“23 yaşlı oğlum Əyyubun ürəyində qüsur olduğu üçün əsgərliyə aparılmayıb. Onun səhhətində problemlər var. Bu, siyasi sifarişdir. Oğlumu mənim siyasi fəaliyyətimlə bağlı saxlayıblar. Mən birinci qrup Qarabağ müharibəsi əliliyəm. Hər iki ayağımı itirmişəm. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar”, - Xəyyam Çələbi qeyd edib. 

ADR Partiyasının üzvləri və rəhbərliyi dəfələrlə müxtəlif ittihamlarla həbs ediliblər. Hazırda partiyanın sədri Qubad İbadoğlu da həbsdədir. O, 2023-cü il iyulun 23-də saxlanılıb. Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun