Təhsil eksperti: “Cəmiyyətdə gördüyümüz eybəcərliklər məktəbdə öz əksini tapır”

Təhsil eksperti: “Cəmiyyətdə gördüyümüz eybəcərliklər məktəbdə öz əksini tapır” Foto: Təhsil-press az
29 Yanvar 2024
Mətni dəyiş

Yeni “davranış qaydaları” məktəblərdə azyaşlıların nişanlanması, bıçaqlanma hadisələri kimi neqativ halların qarşısını ala bilmir

“Şagirdlər ayrıseçkilik etmədən şagird yoldaşlarına və böyüklərə hörmət etməli, onların fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməlidirlər”.

Bu sözlər artıq ölkənin yüzlərlə məktəbində tətbiqinə başlanılan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” sənədində yazılıb. Ancaq hazırkı tədris ilində şagirdlərin hüquq və vəzifələrini müəyyən edən bu sənədin tətbiqi məktəblərdə zorakılıq, cinsi qısnama, təhsildən yayındırılma, şagirdlərin erkən nikahı kimi problemlərə son qoya bilməyib.

Təhsil prosesinin başlaması ilə Sabirabadda 12 yaşlı məktəblinin nişanlanması, Gəncədə məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsinin olması və başqa bir neçə hadisə ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Bəs, məktəblərdə elmi mühitin yaranması, şagirdlər arasında münasibətlərin tənzimlənməsilə bağlı problemləri aradan qaldırmaq mümkündürmü?

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, bu gün məktəblərdə olan bu problemlər cəmiyyətdəki problemlərin təcəssümüdür.

Onun fikrincə, cəzasızlıq mühiti pisdir, ancaq sadəcə cazalandırmaq yolu ilə də nəyəsə nail olmaq mümkün deyil:

“Cəmiyyətdə hansı eybəcərlikləri görürüksə, məktəbdə öz əksini tapır, çünki məktəb də cəmiyyətin bir hissəsidir. Başlıca səbəb isə cəzasızlığın mövcudluğu və cəmiyyət üzvləri arasında baş verən qanunsuz təbəqələşmədir. “Atamın pulu var, mən istənilən cinayəti etməkdə azadam” prinsipi bu gün öndədir”.

Ekspert deyir ki, həm cəmiyyətdə, həm də məktəblərdə bu prinsip şəxslərin davranışına təsir etsə də, ümumi problem həm də şagirdlərin məktəbdə gördüklərindən qaynaqlanır:

“Məktəbdə şagirdin gözü qarşısında rüşvət alınır, seçki saxtalaşdırılır - budur “tərbiyə”. Bütün problemlərin səbəblərilə mübarizə aparılmalıdır, təkcə şagirdi cəzalandırmaq problemlərin səbəbi ilə yox, ondan irəli gələn nəticələrlə mübarizə aparmaq deməkdir”, – deyə o bildirib.

Məsələ ilə bağlı nə Elm və Təhsil Nazirliyindən, nə də nazirliyin ictimai şurasından münasibət almaq mümkün olub. Ancaq nazirliyin ümumi açıqlamasında qeyd olunur ki, təhsil müəssisələrində tərbiyə işinin təşkili üçün müxtəlif addımlar atılır:

“Elm və Təhsil Nazirliyi tərəfindən yeni “Şagirdin davranış qaydaları” pilot layihə kimi tətbiq olunub, yeni “Qaydalar”ın tətbiqindən şagirdlər, valideynlər və müəllimlərin razı qaldıqları müəyyən edilib”,  - deyə məlumatda qeyd olunub.

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı sənədlə bağlı bildirilir ki, qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar.

6 maddəlik sənədin sonuncu maddəsinin sonuncu bəndi isə şagirdlərə yoldaşlarına qarşı qısnamanı (bullinq) qadağan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun