Prezidentliyə namizədliyini irəli sürən şəxs: “İmza toplamağa 6-7 gün qaldı, bu günlər də bayrama düşdü”

Prezidentliyə namizədliyini irəli sürən şəxs: “İmza toplamağa 6-7 gün qaldı, bu günlər də bayrama düşdü” Foto: Amerikanın Səsi
7 Yanvar 2024
Mətni dəyiş

Hökumət narazı namizədlərin iddialarına cavab vermir

7 fevrala təyin olunan növbədənkənar prezident seçkilərində ilkin mərhələdə namizədliyə namizədlikləri təsdiqlənmiş şəxslər qanunsuzluğa və ayrıseçkiliyə məruz qaldıqlarını deyirlər.

Abzas Media-ya danışan Namizəd Səfərov deyir ki, namizədliklərin qeydə alınması prosesində çox sayda qanunsuqluqlarla üzləşib. Onun sözlərinə görə, namizədliyə namizədlərə verilən müddətdə 40 min imza toplamaq fiziki baxımdan mümkün deyil:

“Mən dekabrın 21-də sənədlərimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmək istədim. Ayın 25-nə kimi binada bir nəfər aşağı düşüb sənədlərimi qəbul etmədi. Bir az sərtlik göstərəndən sonra, ayın 25-i sənədlərimi qəbul ediblər. Həmin gün qeydə ala bilərdilər, amma sənədlərimin qeydə alınması ilə bağlı qərarı 31-də qəbul ediblər.

Qanun tələb edir ki, bu məsələlər 5 gün ərzində yekunlaşsın. Yəni 2-3 gün də ola bilər, amma 5 gündən gec olmamalıdır. Bunlar isə 6 gündən sonra qərar qəbul ediblər. Bununla da imza toplama kampaniyası üçün ayrılan müddətin 6 günü süni şəkildə oğurlanıb.

İmza toplama prosesi yanvarın 7-də bitir. Biz cəmi 7 günə 40 min imza toplamalıydıq. Bu, Azərbaycanda fiziki baxımdan mümkün olmayan işdir”, – deyə o bildirib.

N.Səfərov həmçinin deyir ki, bütün çətinliklərə baxmayaraq, imza toplama kampaniyasına davam edirlər və artıq 20 minə qədər imza toplanıb. Amma onun fikrincə, hətta imzalar toplansa belə, MSK onun namizədliyini qeydə almayacaq:

“MSK tragikomediya janrında oynayır. Hətta Yeni Azərbaycan Partiyası belə bu müddətdə qapı-qapı gəzib 40 min imza toplaya bilməz. Mən əminəm ki, YAP da, digər namizədlər də 40 min imzanı toplayıb MSK-ya təqdim etməyiblər. 40 min imza toplamaları ilə bağlı məlumat yalandır, mümkün deyil.

Qanunda yazılır ki, imza toplamaq üçün təhsil müəssisələrində imkan yaradılmalıdır. Ancaq hansı təhsil müəssisəsinə getdiksə, “biz siyasətə qarışmırıq” deyib imtina etdilər.

Komandamla olduqca böyük işlər görüb, bu vəzifənin öhdəsindən demək olar ki, gəlmişəm. 20 minə qədər imza toplanıb, 25 mindən çox şəxsiyyət vəsiqəsinin də surəti göndərilib. Çünki fiziki baxımdan hamısı ilə görüşmək imkanı yoxdur.

Payladığımız imza vərəqələrinin əksəriyyəti geri qayıtmayıb, bu gün günün sonuna qədər onları da qəbul edəcəyik.

Əsas tələbimiz ondan ibarətdir ki, MSK bu işlərin öhdəsindən gəlmək üçün bizə 10 gün vaxt verməlidir”, – Namizəd Səfərov qeyd edib.

Prezidentliyə digər namizəd Mətləb Mütəllimli deyir ki, Azərbaycanda indiyə qədər seçkilər necə olubsa, indi də o cür davam edir, seçki prosesində yenə də onlara süni əngəllər yaradılır:

“Seçkinin ilk günündən saxtakarlığa başlayıblar. 21-də sənədlərimi verdim, 26-da qəbul etdilər, 27-də imza vərəqələrini verdilər. Digər namizədlərə yaşıl işıq yandırıblar, amma bizə maneələr yaradırlar. Biz sənədləri alanda imzatoplama prosesinin bitməsinə 11 gün qalmışdı, 11 günə də 40 min imzanın toplanması təbii ki, mümkün deyil.

Biz dəfələrlə MSK-ya müraciət etsək də, heç bir reaksiya olmadı. Heç bizi qəbul etmədilər.

Təhsil müəssisələri imza toplamaq üçün bizi yaxına buraxmadı, qapı-qapı imza toplayanda da insanların əksəriyyəti qorxusundan qapını açmadı. Yerlərdəki icra hakimiyyəti orqanları da bizim əməkdaşları sıxışdırırlar. 40 min imza toplanmayıb, amma çalışırıq bunun üçün.

Azərbaycanda indiyə qədər seçkilər necə olubsa, o cür də davam edir. Biz qeydə alınmasaq da, mübarizəmizi davam etdirib seçki saxtakarlıqlarını ifşa edəcəyik”, – deyə o vurğulayıb.

Digər namizədliyə namizəd Sarvan Kərimov da oxşar maneələrlə qarşılaşdığını bildirir.

Məsələ ilə bağlı MSK ilə əlaqə saxlamaq mümkün olmayıb. Komissiyanın nə mətbuat xidməti, nə də qaynar xətti zənglərə cavab verməyib.

Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədliyin qeydə alınması üçün zəruri olan sənədləri MSK-ya təqdim etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il 19 dekabrdan 2024-cü il 8 yanvar saat 18:00-dək olan dövrü əhatə edir.

7 dekabr 2023-cü ildə ölkə başçısı İlham Əliyev 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı sərəncam imzalayıb.

Ölkədə əsas müxalif pratiyalar kimi qəbul olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat və Respublikaçı Alternativ Partiyası (REAL) seçkilərdə iştirakdan imtina ediblər.

Seçkilərdə namizədliyə namizəd qismində 17 nəfərin sənədləri təsdiqlənib. MSK tərəfindən yalnız üç nəfərin - İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədlikləri qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun