Məhkəmə “Kanal13”ün rəhbərini həbsdə saxlayıb

Məhkəmə “Kanal13”ün rəhbərini həbsdə saxlayıb
8 Yanvar 2024
Mətni dəyiş

Əziz Orucov ötən ilin son aylarından etibarən ardıcıl həbs olunan çoxsaylı jurnalistlərdən biridir

Yanvarın 8-də “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb. Abzas Media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin edilməyib.

Orucovun vəkili Aqil Layıc məhkəmədən müsbət qərar gözləntilərinin olmadığını bildirib:

“Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmək üçün belə bir şikayət verilməliydi. Orucov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir və cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirir”, – vəkil “Turan”a açıqlamasında bildirib.

Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2 maddəsilə (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) ittiham irəli sürülüb. Noyabrın 28-də Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Dekabrın 19-da Səbail rayon Polis İdarəsində Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürüldüyü bildirilib.

Kanalla əməkdaşlıq etmiş digər jurnalist Şamo Eminov da dekabrın 22-də saxlanılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2. (qaçaqmalçılıq, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində 3 ay 5 günlük həbs qətimkan tədbiri seçilib.

“Kanal13” internet televiziyası bəyanat yayaraq bu həbslərin kanalın fəaliyyətinin dayandırılmasına hesablandığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun