AŞPA Azərbaycanın nümayəndə heyətini Assambleyadan 1 il müddətinə kənarlaşdırmağa qərar verdi

AŞPA Azərbaycanın nümayəndə heyətini Assambleyadan 1 il müddətinə kənarlaşdırmağa qərar verdi Foto: AŞPA
24 Yanvar 2024
Mətni dəyiş

AŞPA üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dövrlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən “AbzasMedia” jurnalistlərinin həbsindən, işgəncə və pis rəftar hallarının geniş yayılmasından danışıblar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib.

Abzas Media-nın məlumatına görə, keçirilən səsvermə nəticəsində Azərbaycan nümayəndə heyəti bir il müddətinə Assambleyadan uzaqlaşdırılıb.

Qətnamədə 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə edilib.

“Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar qalmaqdadır. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylıq qərarları və Venesiya Komissiyasının rəyləri buna dəlalət edir", deyə qətnamədə deyilir.

Parlamentarilər Azərbaycanın Assambleya ilə “əməkdaşlığının olmaması" məsələsinə toxunublar. Monitorinq məruzəçilərinin siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşünə icazə verilməməsi, qarşıdan gələn prezident seçkilərini müşahidə etmək üçün dəvət edilməməsi və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərinə icazə verilməməsi xatırladılıb.

Qeyd edilib ki, nizamnamədə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdən sonra Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər.

Alman millət vəkili Frank Şvabe tərəfindən irəli sürülən qətnamə 76 səs lehinə, 10 səs əleyhinə olmaqla qəbul edilib. AŞPA-nın 4 üzvü isə bitərəf qalıb.

“Amerikanın Səsi”nin məlumatına görə, müzakirələrdə çıxış edən AŞPA üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dövrlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən “AbzasMedia” jurnalistlərinin həbsindən, işgəncə və pis rəftar hallarının geniş yayılmasından danışıblar.

Plenar iclasdan bir neçə saat əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti ölkənin bu təşkilatda fəaliyyətini dayandırdığını elan edib.

Azərbaycanın təşkilatda fəaliyyətini dayandırmaqla bağlı bəyanatında qeyd olunub ki, AŞPA gözləntiləri doğrultmayıb.

AŞPA-da 2024-cü ilin qış plenar sessiyasının açılış günündə deputatlar “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

Parlament Assambleyasının Almaniyadan olan millət vəkili Frank Şvabe bu təklifə əsas səbəb kimi Azərbaycanda siyasi məhbusların sayının artmasını, insanların Qarabağdan məcburi köçürülməsini, Assambleya məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gələ bilməməsini və fevralın 7-də ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edilməmələrini göstərib.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Yanvarın 23-ü təşkilatın monitorinq komitəsi də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına rəy verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun