Reuters: “Bakının əlində saxlamaq istədiyi 200-ə yaxın Qarabağ ermənisinin siyahısı var”

Reuters: “Bakının əlində saxlamaq istədiyi 200-ə yaxın Qarabağ ermənisinin siyahısı var” Foto: Sputnik
29 Sentyabr 2023
Mətni dəyiş

Erməni mənbələrinin sentyabrın 29-u saat 10:00-a olan məlumatına əsasən, artıq 88 780 Qarabağ sakini Ermənistan ərazisinə keçib

Azərbaycanda müxtəlif cinayətlərdə ittiham olunan və haqlarında saxlanılma qərarı verilmiş iki yüzə yaxın Qarabağ ermənisinin siyahısı var. “Reuters” agentliyi bu məlumatı “yüksək rütbəli diplomata” istinadən verib.

Agentlik siyahıda kimlərin olduğunu və məlumatı verən “yüksək rütbəli diplomat”ın kimliyini açıqlamayıb.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan sərhədinin Laçın buraxılış-keçid məntəqəsində Qarabağın tanınmamış “hökumətinin keçmiş dövlət naziri” Ruben Vardanyanı Azərbaycanın Dövlət Sərhəd Xidməti əməkdaşları saxlayıb. 

Azərbaycan onu üç maddə üzrə - terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı təşkilatların yaradılmasında iştirak, Azərbaycan sərhədlərini qanunsuz keçmə maddələri ilə ittiham edib. Vardanyan barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.

Bundan bir müddət əvvəl, iyulun 29-da isə Qarabağdan Ermənistana getmk istəyən Vaqif Xaçatryan adlı şəxs saxlanılmışdı. O, birinci Qarabağ müharibəsi zamanı törədilmiş Meşəli faciəsində iştirakda ittiham edilir.

Dünən isə tanınmamış “hökumətin prezidentinin müşaviri, keçmiş xarici işlər naziri” David Babayan öz Facebook səhifəsində Azərbaycan tərəfinin onun “müvafiq araşdırma” üçün Bakıya gəlməsini tələb etdiyini və buna görə də Şuşaya getmək qərarı aldığını yazıb. 

Tanınmamış “hökumətin prezidenti” Samvel Şahramanyanın sentyabrın 28-də imzaladığı fərmana əsasən, 2024-cü il yanvarın 1-ə qədər tanınmamış “respublikanın” bütün dövlət qurumları və onların departament tabeliyində olan təşkilatları ləğv edilməli və “Artsax Respublikası” öz mövcudluğunu dayandırmalıdır. 

Fərmanda qeyd edilir ki, Qarabağın əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşənlər bu fərman qüvvəyə mindikdən sonra Qarabağda qalmağın (qayıtmağın) mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək üçün “Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalıdırlar”.

Sentyabrın 20-də Azərbaycanın Qarabağa qarşı hərbi əməliyyatlara başlamasından bir gün sonra Xankəndidəki tanınmamış “hökumətin nümayəndələri” Rusiya sülhməramlı missiyasının komandanlığının atəşkəslə bağlı təklifini qəbul etdiyini açıqlayıblar.

Xankəndidən həmçinin bildirilib ki, tərəflər “Ermənistan Respublikası Silahlı Qüvvələrinin “qalan bölmələri və hərbi heyətinin” Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusunun” tam tərksilah edilməsi, ağır texnika və silahların mümkün qədər tez məhv edilməsi üçün Qarabağ ərazisindən çıxarılması barədə razılığa gəliblər”.

Bu həftənin əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığında Blinken digər məsələlərlə yanaşı, Əliyevi ümumi amnistiya elan etməyə çağırıb.

Qarabağdakı ermənilər isə Azərbaycanı tərk etməkdə davam edir. Erməni mənbələrinin sentyabrın 29-u saat 10:00-a olan məlumatına əsasən, artıq 88 780 Qarabağ sakini Həkəri körpüsündən Ermənistan ərazisinə keçib.

“Armenpress” xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan Ermənistan Respublikası hökuməti yanında humanitar mərkəzdə keçirilən mətbuat konfransında bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun